Azərbaycan Premyer Liqasında VIII turun ikinci oyun gününə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün son matçında "Sumqayıt" debütant "Karvan-Yevlax"ı qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 12-ci dəqiqəqə "Sumqayıt"ın legioneri Ronaldo Vaskes açıb. 43-cü dəqiqədə Coy Sleyd Mikels bərabərlik qolunu vurub.
Fasilədən sonra yerli komanda üstünlüyü tam ələ alıb. Aleksandr Ramalinqom 54-cü və 65-ci dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Daha bir qolu isə 59-cu dəqiqədə Aleksa Yankoviç vurub.
Beləliklə, xalını 14-ə çatdıran "Sumqayıt" 3-cü pilləyə yüksəlib. "Karvan-Yevlax" isə 5 xalla 11-cidir.
Qeyd edək ki, VIII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"ə 1:4, "Turan Tovuz" "Qarabağ"a 1:2 hesabı ilə uduzub, "İmişli" "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura oktyabrın 19-da keçiriləcək "Sabah" - "Zirə" və "Neftçi" - "Araz-Naxçıvan" oyunları ilə yekun vurulacaq.
----------------------
Azərbaycan Premyer Liqasında VIII turun daha bir bir görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında "İmişli" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
Yağışlı hava şəraitində keçən matçda ilk iki qolu "Qəbələ" vurub. Domi Massumo 43-cü, İbrahim Sanqare 47-ci dəqiqədə fərqlənib.
"İmişli" oyunun sonlarına doğru özünə gələrək, Ronaldo de Souzanın 74-cü və Dioqo Almeydanın 80-ci dəqiqədə endirdiyi dəqiq zərbələrlə məğlubiyyətdən xilas olub.
Beləliklə, bu nəticədən sonra "İmişli" 9 xalla 8-ci pillədə qalıb, "Qəbələ" isə 5 xalla 10-cu pilləyə yüksəlib.
Qeyd edək ki, bu gün saat 18:00-da "Sumqayıt" - "Karvan-Yevlax" oyunu start götürəcək. Turun ilk oyun günündə "Şamaxı" "Kəpəz"ə 1:4, "Turan Tovuz" "Qarabağ"a 1:2 hesabı ilə uduzub. Son iki oyun oktyabrın 19-da olacaq.
--------------------
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk matç Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Qəbələ" komandaları arasında gerçəkləşəcək.
Günün digər matçında isə "Sumqayıt" "Karvan-Yevlax"la üz-üzə gələcək.
Hazırda "Sumqayıt" 11 xalla 6-cı, "İmişli" 7 oyundan 8 xalla 8-ci, "Karvan-Yevlax" 5 xalla 10-cu, "Qəbələ" 4 xalla 11-ci pillədə qərarlaşıb.
Bugünkü cütlüklərin heç biri indiyədək Premyer Liqada üz-üzə gəlməyib.
Azərbaycan Premyer Liqası, VIII tur
18 oktyabr (şənbə)
14:30. “İmişli” – “Qəbələ” - 2:2
Qollar: Ronaldo de Souza, 74; Dioqo Almeyda, 80 - Domi Massumo, 43; İbrahim Sanqare, 47
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Quba OİK stadionu
18:00. “Sumqayıt” – “Karvan-Yevlax” - 4:1
Qollar: Ronaldo Vaskes, 12; Aleksandr Ramalinqom, 54 (pen.); 65 (pen.); Aleksa Yankoviç, 59 - Coy Sleyd Mikels, 43
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun ilk oyun günündə "Şamaxı" "Kəpəz"ə 1:4, "Turan Tovuz" "Qarabağ"a 1:2 hesabı ilə uduzub. Son iki oyun oktyabrın 19-da olacaq.
















































































