Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Palms Sports Arena"da "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 2:2. Bu matçı "Neftçi"nin yeni transferi Vensan Abubakar tribunadan izləyib.
İlk və son qolu meydan sahiblərinin futbolçuları vurub. 19-cu dəqiqədə Bassala Sambu hesabı açıbsa, 55-ci dəqiqədə Emin Mahmudov mübahisəli qol vurub. Mahmudovun başla qapıya zərbə endirdiyi epizodda yan xətt hakimi ofsaydın olduğunu bildirsə də, VAR qol qeydə alıb.
"Araz-Naxçıvan"dan isə Ba-Muaka Simakala 36-cı və 47-ci dəqiqələrdə fərqlənib. Bununla da Almaniyadan olan 28 yaşlı hücumçu 5 qolla bombardirlər siyahısında vahid liderə çevrilib.
Beləliklə, xalını 9-a çatdıran "Neftçi" 9-cu pillədə qalıb. Ötən turla müqayisədə 1 pillə geriləyən "Araz-Naxçıvan" isə 15 xalla 3-cüdür.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sumqayıt" evdə "Karvan-Yevlax"ı, "Kəpəz" səfərdə "Şamaxı"nı 4:1, "Sabah" "Zirə"ni 3:0, "Qarabağ" "Turan Tovuz"u 2:1 hesabı ilə yenib. "İmişli" isə "Qəbələ" ilə heç-heçə edib - 2:2.
Azərbaycan Premyer Liqası, VIII tur
19 oktyabr (bazar)
16:00. “Sabah” – “Zirə” - 3:0
Qollar: Aron Maluda, 42; Velko Simiç, 45+2; 75
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”
18:30. “Neftçi” – “Araz-Naxçıvan” - 2:2
Qollar: Bassala Sambu, 19; Emin Mahmudov, 55 - Ba-Muaka Simakala, 36; 47
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Palms Sports Arena”
----------------------
Azərbaycan Premyer Liqasında VIII turun daha bir matçı keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun üçüncü oyun gününün ilk görüşündə "Sabah" "Zirə"ni qəbul edib.
"Bank Respublika Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 42-ci dəqiqədə Aron Maluda açıb. 45+2-ci dəqiqədə Velko Simiç fərqi artırıb. 75-ci dəqiqədə isə Simiç özünün ikinci komandasının üçüncü qolunu vurub.
Bununla da xalını 14-ə çatdıran "Sabah" 3-cü pilləyə yüksəlib. Komandanın ehtiyatda "Qarabağ"la ilk turdan təxirə salınmış ev oyunu da var. 13 xala malik "Zirə" isə 6-cı pilləyə enib.
Qeyd edək ki, tura saat 18:30-da start götürəcək "Neftçi" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.
------------------------
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun son görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk qarşılaşma "Bank Respublika Arena"da "Sabah" və "Zirə" arasında oynanılacaq.
Matçın baş hakimi Cavid Cəlilov olacaq.
Hazırda "Sabah" 6 oyundan 11 xalla 6-cı, "Zirə" 7 görüşdən 13 xalla 5-ci pillədə yer alıb. Komandalar arasında indiyədək keçirilmiş 27 matçın 10-da "Sabah", 8-də "Zirə" qələbə qazanıb, 9-u heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "Sabah"ın cüzi üstünlüyü var - 32:29. “Zirə” son 5 oyunda uduzmayıb. Axırıncı üç matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Turun son qarşılaşması "Neftçi" və "Araz-Naxçıvan" arasında olacaq. "Palms Sports Arena"da keçiriləcək oyunu baş hakim Fərid Hacıyev idarə edəcək. Hazırda Bakı klubu 8 xalla 9-cu, Naxçıvan təmsilçisi 14 xalla 4-cü yerdə gedir.
Komandalar indiyədək 12 dəfə üz-üzə gəliblər və qələbə, məğlubiyyət və heç-heçələr bərabər bölünüb. Topların nisbətində isə paytaxt təmsilçisi xeyli öndədir - 23:8. “Araz-Naxçıvan” son 4 qarşılaşmada uduzmayıb. Axırıncı iki görüşdə hər iki komanda qol vurub.
Qeyd edək ki, VIII turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Karvan-Yevlax"ı, "Kəpəz" səfərdə "Şamaxı"nı 4:1, "Qarabağ" "Turan Tovuz"u 2:1 hesabı ilə yenib. "İmişli" isə "Qəbələ" ilə heç-heçə edib - 2:2.


















































































