
"Neftçi"nin yeni transferi Vensan Abubabakar oktyabrın 20-dən "Neftçi" ilə məşqlərə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Samir Abasov açıqlama verib.
O bildirib ki, kamerunlu hücumçunun gəlişi komandaya çox yaxşı təsir göstərəcək. Abasovun fikrincə, hər kəs yanında təcrübəli futbolçu görəndə onun keyfiyyətinə uymağa çalışır ki, bu da yüz faiz komandanın xeyrinə olacaq: "Özü ilə danışmağa hələ vaxtımız olmayıb. Çünki gecə saatlarından gəlib, söhbət aparmaq imkanı əldə etməmişik. Sabahdan məşqlərə qoşulacaq və danışacağıq".
Baş məşqçi 33 yaşlı hücumçunu ad olaraq gətirmədiklərini də diqqətə çatdırıb: "Abubakarın rəqiblər üzərində psixoloji təzyiq yaradacağını düşünənlər də var. Mən isə hesab edirəm ki, Vensan rəqib müdafiəçilər üçün həddindən artıq motivasiya mənbəyi ola bilər. Bu gün ona qarşı oynamaq müdafiəçiləri oyun baxımından xeyli yüksəldə bilər. Bu, bizim əleyhimizə olan amildir. Lakin Abubakarı ad olaraq gətirməmişik. Hücum xəttində qol sarıdan problemlərimiz var idi. O sıxıntılarımızı çözmək üçün gətirmişik".