"Qarabağ" komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İspaniyada "Atletik"in qonağı olub.
Bilbao şəhərindəki "San Mames" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı artıq 1-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Leandro Andrade açıb. Andrade bu mövsüm təsnifat mərhələsində 5-ci, Liqa mərhələsində 2-ci qolunu vurub.
Qalan bölümdə daha üstün oyun sərgiləyən "Atletik" hesabda da geridönüş etməyi bacarıb. Rəqibə kapitan İnyaki Uilyamsın 38-ci dəqiqədə zədə üzündən əvəzlənməsi də mane olmayıb. Əksinə, 40-cı dəqiqədə Qorka Quruseta təkbətəkdən hesabı bərabərləşdirib.
İkinci hissənin əvvəllərində baş məşqçi Qurban Qurbanov iki dəyişikliyə əl atıb. O, meydançaya Emmanuel Addai və Marko Yankoviçi buraxıb. Oyunu isə Leandro Andrade və Pedro Bikalyo tərk edib. Andradenin əvəzlənməsi nə qədər təəccüblü olsa da, Yankoviçin meydana girməsi müsbət qarşılanıb.
Lakin qolu "Atletik" vurub. 70-ci dəqiqədə Robert Navarro uzaqdan zərbə ilə uzaq küncə baxımlı qol vurub.
73-cü dəqiqədə Azərbaycan təmsilçisinin futbolçusu Mateus Silva rəqibin cərimə meydançası daxilində kobud oyunla üzləşib. Xorvatiyalı baş hakim İqor Payaç VAR-a baxmadan penalti təyin etməyib və davam qərarı verib.
88-ci dəqiqədə isə Quruseta uzaqdan zərbə ilə özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Beləliklə, "Qarabağ" iki qələbənin ardından ilk məğlubiyyətlə üzləşib, "Atletik" isə ardıcıl iki oyunda uduzduqdan sonra ilk qələbəsini qazanıb.
-------------------
Bu gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tur matçına çıxacaq.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv İspaniyada “Atletik”lə qarşılaşacaq.
Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
İlk iki turda komandalar fərqli nəticələr göstəriblər. "Atletik" I turda evdə İngiltərə "Arsenal"ına 0:2, II turda Almaniyada "Borussiya Dortmund"a 1:4 hesabı ilə uduzub.
"Qarabağ" isə Portuqaliyada "Benfika"nı 3:2, evdə Danimarka "Kopenhagen"ini 2:0 hesabı ilə məğlub edib. Hazırda "Qarabağ" 2 oyundan 6 xalla 10-cu, xalsız "Atletik" 35-ci yerdə gedir.
Ağdam təmsilçisi üçün bu oyun Liqa mərhələsində növbəti vacib sınaq hesab olunur. Komanda səfərdə müsbət nəticə qazanacağı təqdirdə, növbəti mərhələ şanslarını xeyli artıracaq.
“Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisinə qarşı oynayacaq. İlk dəfə 2017/2018 mövsümündə "Atletiko" ilə keçirilmiş görüşlərdə Madriddə 1:1, Bakıda 0:0 hesablı heç-heçələr qeydə alınıb.
"Atletik" də Azərbaycanın sayca ikinci komandası ilə üz-üzə gələcək. Bilbao təmsilçisi 2015/2016 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində Bakı "İnter"i (indiki "Şamaxı") ilə qarşılaşıb. Həmin vaxt da rəqib komandanın baş məşqçisi Erneste Valverde olub. Bilbaodakı matçda 2:0 hesablı qələbə qazanmış "Atletik" Bakıdakı görüşdə qolsuz heç-heçə edərək, "pley-off"a adlayıb.
"Qarabağ" matça Musa Qurbanlı itkisi ilə çıxacaq. 23 yaşlı hücumçu zədəli olduğu üçün oyunun iştirak ərizəsində yer almayacaq.
Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
22 oktyabr
20:45. "Atletik" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 3:1
Qollar: Qorka Quruseta, 40; 88. Robert Navarro, 70 - Leandro Andrade, 1
Hakimlər: İqor Payaç, Boyan Zobenika, İvan Mihal, Zdenko Lovriç (hamısı Xorvatiya)
VAR: İvan Bebek (Xorvatiya)
VAR hakiminin köməkçisi: Fedayi San (İsveçrə)
Hakim-inspektor: Vladimir Şayn (Sloveniya)
UEFA nümayəndəsi: David Findley (Şotlandiya)
Bilbao, "San Mames" stadionu.

















































































