Bu gün Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, hər iki qarşılaşma turnir cədvəlinin üst pillələrində qərarlaşmış komandalar arasında baş tutacaq.
"Bank Respublika Arena"da "Araz-Naxçıvan" "Sabah"ı qəbul edəcək. Əslində bu stadionda "Sabah" klubu ev oyunlarını keçirir. Lakin "Araz-Naxçıvan"ın rəqiblərini qəbul etdiyi "Liv Bona Dea Arena" təmirə bağlandığı üçün Naxçıvan təmsilçisinin görüşü Masazırdakı arenaya salınıb. "Sabah" bu matçda qonaq qismində çıxış edəcək.
Hazırda "Araz-Naxçıvan" 8 oyundan 15 xalla 3-cü, "Sabah" 7 görüşdən 14 xalla 4-cüdür.
İki kollektiv arasında indiyədək oynanılmış 8 matçın yalnız 1-də "Araz-Naxçıvan" qələbə qazanıb. "Sabah" 3 dəfə qalib gəlibsə, 4 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Abşeron komandası öndədir - 9:7. Digər tərəfdən, “Sabah” son 6 matçda uduzmayıb. Son iki qarşılaşmada heç-heçə qeydə alınıb.
Günün digər matçında daha 2 qonşu kollektiv - "Zirə" və "Sumqayıt" üz-üzə gələcək. Ötən tur hər iki komanda meydanı böyük hesablı nəticələrlə tərk edib. "Zirə" səfərdə "Sabah"a 0:3 hesabı ilə uduzubsa, "Sumqayıt" "Karvan-Yevlax"a qalib gəlib - 4:1. Hazırda Saşa İliçin baş məşqçi olduğu kollektiv 14 xalla 5-ci, Rəşad Sadıqovun komandası 13 xalla 6-cı yerdə gedir.
İki klub çempionatda 40-cı dəfə görüşəcək. Əvvəlki oyunların 22-də "Zirə", 6-da "Sumqayıt" qalib gəlibsə, 11 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də "Zirə"nin ciddi üstünlüyü var - 56:24. Bundan başqa, “Zirə” son 4 oyunda iki və ya daha çox top fərqi ilə qalib gəlib. “Sumqayıt” son 19 matçda qələbə qazanmayıb.
Azərbaycan Premyer Liqası, IX tur
25 oktyabr (şənbə)
16:00. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena"
18:30. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun ilk iki oyununda "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"a 2:1, "İmişli" "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 26-da keçiriləcək "Qəbələ" - "Neftçi" və "Qarabağ" - "Şamaxı" matçları ilə yekun vurulacaq.





































































