"Liverpul" komandası İngiltərə Premyer Liqasında IX turu məğlubiyyətlə başa vurub.
Sportnet.az-ın məlumatına görə, "qırmızılar" səfər oyununda "Brentford"a yenilib - 2:3.
Hesabı 5-ci dəqiqədə meydan sahiblərindən Danqo Uattara açıb. 45-ci dəqiqədə Kevin Şeyd fərqi artırıb.
45+5-ci dəqiqədə Miloş Kerkez "Liverpul"un ilk qolunu vurub. Lakin 60-cı dəqiqədə İqor Tyaqo "Brentford"un üstünlüyünü yenidən 2 topa çatdırıb. 89-cu dəqiqədə isə "Liverpul"un təcrübəli futbolçusu Məhəmməd Salah oyunda son nöqtəni qoyub. Komandanın bundan artığına gücü çatmayıb.
Beləliklə, "Brentford" bu qələbədən sonra xalını 13-ə çatdırıb və 10-cu yerdə qərarlaşıb. Çempionatda ardıcıl 4-cü məğlubiyyətini alan "Liverpul" isə 15 xalla 6-cı yerdə gedir.







































































