Azərbaycan Premyer Liqasında IX turun son görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyunda "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşün taleyini "Neftçi"nin yeni transferi Vensan Abubakar həll edib. 70-ci dəqiqədə meydana girən kamerunlu hücumçu cəmi 2 dəqiqə sonra sentyabrın 26-da transfer olunmuş İfeanyi Metyuya məhsuldar ötürmə verib. 81-ci dəqiqədə isə Abubakarın özü qol vurub.
Turun son matçında "Qarabağ" "Şamaxı" ilə qolsuz heç-heçə edib - 0:0.
Bu nəticələrdən sonra "Qarabağ" 17 xalla 2-ci yerdə qərarlaşıb və lider "Turan Tovuz"un 1 xal gerisinə düşüb. Əvəzində 4 turdan sonra qələbə qazanan "Neftçi" xalını 12-yə yüksəldib və 8-ci pilləyə qalxıb.
Azərbaycan Premyer Liqası, IX tur
26 oktyabr (bazar)
16:00. “Qəbələ” – “Neftçi” - 0:2
Qollar: İfeanyi Metyu, 71; Vensan Abubakar, 81
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu
18:30. “Qarabağ” – “Şamaxı” - 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"ı 2:1, "İmişli" "Kəpəz"i 3:0, "Zirə" isə evdə "Sumqayıt"ı 1:0 hesabı ilə yenib, "Araz-Naxçıvan" - "Sabah" matçında qalib müəyyənləşməyib - 2:2.
--------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında IX turun son görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyunda "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda təşkil olunacaq matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
İki komanda indiyədək çempionatda 63 dəfə qarşılaşıb. Bunların 18-də "Qəbələ", 31-də "Neftçi" qalib gəlibsə, 14 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "ağ-qaralar"ın üstünlüyü var - 95:70. Şəxsi görüşlərin son 4-də “Neftçi” qələbə qazanıb. Bakı klubu son üç səfərdə qol buraxmayıb.
Günün son qarşılaşması "Qarabağ" və "Şamaxı" arasında oynanılacaq. "Azersun Arena"dakı matçı gənc referi Tural Qurbanov idarə edəcək.
Ağdam təmsilçisi indiyədək "Şamaxı", eləcə də onun sələfləri "Keşlə" və "İnter"lə ümumilikdə 78 dəfə üz-üzə gəlib və matçların 41-dən qalib ayrılıb. 13 oyunda qarşı tərəf qələbə qazanıbsa, 24 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Qarabağ"ın ciddi üstünlüyü var - 115:46. Şəxsi oyunların son 23-də “Şamaxı” qələbə qazanmayıb. “Qarabağ” axırıncı 9 qarşılaşmada qalib gəlib.
Turnir cədvəlinə gəlincə, "Qarabağ" qələbə təqdirdə, xalını 19-a çatdıraraq, ehtiyatda bir oyunu ola-ola yenidən liderliyə yüksələcək. Bu halda "Neftçi" mümkün səfər qələbəsi sayəsində 12 xalla 8-ci pilləyə qalxacaq. Hazırda "Şamaxı" 9 xalla 8-ci, "Qəbələ" 5 xalla 10-cudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"ı 2:1, "İmişli" "Kəpəz"i 3:0, "Zirə" isə evdə "Sumqayıt"ı 1:0 hesabı ilə yenib, "Araz-Naxçıvan" - "Sabah" matçında qalib müəyyənləşməyib - 2:2.











































































