"Oyuna itkilərlə çıxmışdıq, ağır olacağını bilirdik. Ehtiyat oyunçular skamyamız bu gün çox kasad idi. İlk yarıda nələrisə öz xeyrimizə dəyişməyi düşünürdük. Təəssüf ki, istədiklərimiz meydançada alınmadı və məğlub olduq".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov səfərdə "Neftçi"yə 1:5 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis 4 oyunda 9 top buraxmalarının səbəbini boşluqlarla əlaqələndirib: "Bir oyunu azlıqda keçirmişik. Bu gün isə ehtiyatda oyunçumuz, demək olar ki, yox idi. Bizim kimi komandada əsas heyətin iki oyunçusu - Mahamadu Ba və Ryonosuke Ohorinin bu gün olmaması öz sözünü dedi. Heç kim bu qədər top buraxmaq istəməz. Daim daha az top buraxmağa çalışmışıq. Təəssüf ki, boşluqlarımız var. İnanıram ki, bunların öhdəsindən gələcəyik".
Bağırov komandasındakı futbolçuların keyfiyyətləri barədə danışmaq istəmədiyini də söyləyib: "Bu oyunçular mənimdir. Davam etməliyik, məcburuq. Həmin xalları da bu oyunçularla yığacağıq. Əlbəttə, dəyişikliklər olacaq. Zəif tərəflərimiz var. Harada kimi dəyişməyin gərəkliyini bilirik. Sadəcə, hər bir şeyin vaxtı var. Vaxtı çatanda qərarlar verəcəyik".
O, "Kəpəz"ə yayda gəlməsinə baxmayaraq, cəmi 3 aydan sonra göndərilən Otar Aptsiaurinin taleyinin digər futbolçuları gözləmədiyini də əlavə edib.
Baş məşqçi "Neftçi"nin qapıçısı Rza Cəfərovun "Kəpəz"ə icarəyə veriləcəyinə dair xəbərlərə isə belə münasibət bildirib: "Bu gün heç nə yoxdur. Sabah necə olacağını da bilmirəm. Çünki bu gün bildiyim qədərilə, Rza "Neftçi"nin futbolçusudur, bizimlə də danışıqları olmayıb. Yəni, mənimlə dəqiq olmayıb".
Bağırov hakimlik barədə də danışıb: "Hakimlik elə mövzudur ki, hazırda bütün dünyada, xüsusən Türkiyədə qatmaqarışıqlıqdır. Çox şey danışmaq istəmirəm, amma bir şeyi bilirəm ki, dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər, kimlərinsə haqqına girməsinlər. "İmişli" ilə ötən matçımızın ilk yarısında oyun 11 dəqiqə dayansa da, cəmi 5 dəqiqə uzatma oldu. Nə bilim, çox şeylər olur. Yeni qərarlar var. Yəqin, vaxt keçdikcə, biz də təcrübə toplayarıq. Amma bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikləri qərarların hamısı onlara yedizdiriləcək".








































































