UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun son 9 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Qalatasaray" "Qarabağ"ın rəqiblərindən olan Niderland "Ayaks"ına qonaq olub.
Amsterdamdakı "Yohan Kroyf Arena"da baş tutmuş qarşılaşma "sarı-qırmızılar"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hər üç qolu Viktor Osimhen vurub. Nigeriyalı hücumçu 59-cu dəqiqədə oyun vəziyyətindən, 66-cı və 78-ci dəqiqələrdə penaltidən fərqlənib.
Bununla da "Qalatasaray" xalını və mövqeyini 9-a yüksəldib. "Qarabağ"ın gələcək rəqiblərindən olan "Ayaks" isə 4-cü məğlubiyyət alaraq, sonuncu pillədə qalıb.
Portuqaliya "Benfika"sı da eyni aqibətlə üzləşib. Joze Mourinyonun baş məşqçi olduğu kollektiv evdə Almaniya "Bayer"inə yenilib - 0:1. Yeganə qolu Patrik Şik vurub. Hazırda xalsız "Benfika" 35-ci yerdə gedir.
"İnter" ardıcıl 4-cü qələbəsini İtaliyada Qazaxıstan "Kayrat"ı üzərində qazanıb - 2:1. Bununla da turnir cədvəlində xal itirmədən irəliləyən komandaların sayı 3 olub. 12 xallı daha 2 klub isə Almaniya "Bavariya"sı və İngiltərə "Arsenal"ıdır.
Gecənin daha bir böyük hesablı qələbəsini "Mançester Siti" İngiltərədə Almaniyanın "Borussiya Dortmund" komandası üzərində qazanıb - 4:1.
Əvəzində İspaniya "Barselona"sı Belçikada "Brügge"yə məğlubiyyətdən qurtulub - 3:3.
Bu nəticələrdən sonra "Qarabağ" İspaniyanın "Barselona", İngiltərənin "Çelsi", Portuqaliyanın "Sportinq", Almaniyanın "Borussiya Dortmund" və İtaliyanın "Atalanta" komandaları ilə birlikdə 9 xalla 11 - 16-cı yerləri bölüşür. Azərbaycan təmsilçisi vurulan-buraxılan topların nisbətində yalnız "Atalanta"nı qabaqlayır və hazırda 15-cidir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr
21:45. "Qarabağ" (Azərbaycan) – "Çelsi" (İngiltərə) - 2:2
21:45. Pafos (Kipr) – "Vilyarreal" (İspaniya) - 1:0
Qol: Derrik Lükkassen, 46
00:00. "Mançester Siti" (İngiltərə) – "Borussiya Dortmund” (Almaniya) - 4:1
Qollar: Fil Foden, 22; 57. Erlin Holann, 29. Rayan Şerki, 90+1 - Valdemar Anton, 72
00:00. "İnter" (İtaliya) – "Kayrat" (Qazaxıstan) - 2:1
Qollar: Lautaro Martines, 45. Karlos Auqusto, 67 - Ofri Arad, 55
00:00. "Brügge" (Belçika) – "Barselona" (İspaniya) - 3:3
Qollar: Nikolo Tresoldi, 6. Karluş Borjeş, 17; 64 - Ferran Torres, 8. Lamin Yamal, 61. Xristos Tsolis, 77 (öz qapısına)
00:00. "Nyukasl" (İngiltərə) – "Atletik” (İspaniya) - 2:0
Qollar: Den Börn, 11. Joelinton, 49
00:00. "Benfika" (Portuqaliya) – "Bayer Leverkuzen” (Almaniya) - 0:1
Qol: Patrik Şik, 65
00:00. "Marsel" (Fransa) – "Atalanta" (İtaliya) - 0:1
Qol: Lazar Samarciç, 90
Qolla nəticələnməyən penalti: Şarl De Ketelare, 14 ("Atalanta")
00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə) - 0:3
Qollar: Viktor Osimhen, 59; 66 (pen.); 78 (pen.)
Qeyd edək ki, IV turun ilk 9 matçı noyabrın 4-də keçirilib.









































































