"Əlbəttə, böyük həyəcanlı oyun idi. Xalqımızla, möhtəşəm azarkeşlərimizlə qürur duyuram. Ölkə rəhbərliyini, cənab Prezidenti, bütün vətəndaşlarımızı, hər kəsi ürəkdən təbrik edirəm. Çox möhtəşəm gün idi. Çox qürurluyuq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl evdə İngiltərənin "Çelsi" klubu ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
T.Gözəl bildirib ki, komandası 2:1 hesabı ilə öndə olduğu vaxt daha bir qol vurmalarını gözləyib: "Həmin vaxt 3:1-i gözləyirdim. Çünki artıq özümüzə inam gəlmişdi. "Qarabağ"ın çoxlu imkanları oldu. Lakin qarşımızdakı da çox nəhəng klub idi. Gənc futbolçuları var, siyasətləri, rəhbərliyi tam dəyişilib. Artıq gənc futbolçuları götürərək, uzun müddətli müqavilələr bağlayırlar. Önümüzdə çox təhlükəli oyunçular var idi. Mən həqiqətən də 3:1-i gözləyirdim, belə arzum var idi. Qismət belədir, amma hələ macəra davam edir".
Klub prezidenti belə bir nəticənin 8 Noyabr - Zəfər Günü ərəfəsində əldə olunmasına diqqət çəkib: "Bu nəticənin əldə olunduğu vaxt da çox əlamətdardır. Biz 3 gün sonra Zəfər Gününü qeyd edəcəyik. Dünya liderləri Azərbaycana gələcək. Bu gün "Qarabağ" Azərbaycan xalqının cəsarətli olduğunu dünyaya sübut etdi. Nə qədər rahat oynadığımızı gördünüzmü? Onlar bizə ikinci qolu necə vurdular? Əks-hücumdan. Çox böyük fəxr hissi keçirirəm. Çox gözəl, sürətli oyun idi".
Onun fikrincə, bu, Azərbaycan futbol tarixində ən gözəl, ən ləzzətli oyunlardan biri olub: "Qarabağ" sübut etdi ki, "Çelsi" kimi dünya səviyyəli bir klubla çox rahat bacarır. Doğrudan da bu gün qələbə şansımız var idi. Qazancımız təsadüfi deyil. Bu gün daha da ümidlənirik ki, bir zəfər də olsa, ilk "24-lüy"ə düşmə şansımız xeyli artacaq.Düzdür, növbəti mərhələyə hələ təminat yoxdur, tezdir. Lakin 1 qələbə və 1 heç-heçəmiz də olsa, növbəti mərhələyə keçəcəyik. Böyük bir həyəcanla, nikbin düşüncələrlə buna inanıram".











































































