"Rəqibin çox yaxşı oynadığını demişdim. Böyük uğurlar əldə edirlər və onlara qarşı oynamaq çətindir. Axmaq qollar buraxdıq. Gələcəkdə daha diqqətli olmalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərənin "Çelsi" komandasının baş məşqçisi Entso Mareska Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçından sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Niyə heyətdə dəyişiklik etmişdiniz?
- Buna məcbur idik. Oyuna doğru start verdik, qol vurduq. Amma sonradan qollar buraxdıq. Özü də rəqib qol vuranda meydanda 10 nəfər idilər. Müəyyən dəyişikliklərə əl atdıq. Heyətimiz genişdir və istəyirik ki, hər bir futbolçu şans qazansın. Bəzi futbolçuların da istirahətə ehtiyacı var. Sıx təqvimdəyik və rotasiyalar etməyə məcburuq.
- Dəyişiklik nə ilə bağlı idi?
- Qalib gəlmək niyyətində idik. Buraxılan qollara reaksiya verdik. Fasilədən sonra daha yaxşı idik.
- "Qarabağ"dan gözlədiyiniz performansı gördünüz?
- "Qarabağ" çox gözəl oynayır. Möhtəşəm işlər görürlər. "Qarabağ"a qarşı oynamaq çətin idi.
- Buraxdığınız qollar barədə hansı fikirdəsiniz?
- Hardasa axmaq qollar oldu. Biz daha ehtiyatlı oynamalı idik. Çox diqqətli olmalı idik.
- Öncədən desəydilər ki, matç 2:2 bitəcək, nə reaksiya verərdiniz?
- Belə olmasını istəməzdik. Bir xal qazandıq. Bundan sonrakı oyunlar üçün bərpa olunmalıyıq. Çempionlar Liqasında hər şey mümkündür.
- "Qarabağ" azarkeşləri üçün hansı fikirdəsiniz?
- Stadionda əla atmofer yaranmışdı.
- Hətta Premyer Liqada görüşlərində də topa sahib olanda istənilən kimi oynamırsınız. Bu problemi necə aradan qaldıracaqsınız?
- Bizdə topa sahib olmaqla bağlı problem olduğunu düşünmürəm. Sadəcə, "Qarabağ" çox yaxşı pressinq etməyi bacardı.









































































