Bakının Kürdəxanı qəsəbəsinin sakini Zakir Əliyev öz həyətini futbol meydançasına çevirib. Bununla bağlı görüntülər paylaşıldıqdan sonra Əliyev diqqət mərkəzinə düşüb. Hətta bir neçə gün öncə Azərbaycan milli komandası həmin meydançada olub və onun komandası ilə görüşüb.
Zakir Əliyev Sportnet.az-a müsahibəsində görüş barədə təəssüratlarını bölüşməklə yanaşı, yaşadıqları problemlərdən də danışıb:
- Əvvəlcə özünüz barədə məlumat verərdiniz...
- 15 yaşımda ikən Kürdəxanının "Xətmi" komandasında futbol oynamağa başlamışam. Xətmi - burada gölün adı idi, indi quruyub. Növbəti il məni Azərbaycanın U-16 yığmasına dəvət etdilər. Sadəcə, rəhmətlik atam məni hüquqşünas kimi görmək istəyirdi deyə, futbol oynamağa qoymadı. Əsgərlikdən qayıdandan sonra - 2000-ci ildə Ədliyyə Nazirliyinə kiçik gizir rütbəsi ilə işə düzəldim. Təqaüdə isə baş gizir rütbəsi ilə çıxdım. Orada təcridxanalararası çempionatda çıxış edirdim. O vaxtlar baş məşqçi Mirbağır İsayev məni "Ədliyyə"nin əvəzedicilərdən ibarət komandasına dəvət etdi. Lakin bəxtim onda gətirmədi ki, Penitensiar Xidmət rəhbərliyində dəyişiklik oldu. Aydın Qasımovun yerinə gələn Mədət Quliyev "Ədliyyə" futbol komandasını ləğv etdi və bütün futbol oynayan əməkdaşları öz işlərinə qaytardı. Sonradan 42 yaşımda ikən futzal üzrə I Liqada "STAR Kargo" komandasında bir mövsüm oynadım. Bir ara Hacı Vaqif Davudovun 10 komanda arasında keçirdiyi çempionatda da 16-17 yaşlı uşaqları yığaraq, oynayan məşqçi kimi çıxış etdim. Yəni, illərim futbolda keçib. Hazırda 45 yaşımdayam.
- AFFA-nın məşqçi kateqoriyası varınızdır?
- Xeyr. 2008-ci ildə Azərbaycan İdman Akademiyasında Bakı kənd və qəsəbələrində futbol məşqçilərinin təkmilləşdirmə kursu oldu. Oradan mənə sertifikat verdilər. Həmin sertifikat evdədir. Fikrimdə var ki, C kateqoriyası üzrə təhsil alım. Sadəcə, bu kurs ödənişlidir, 500 manat köçürməliyəm. Lakin mən ailə-uşaqlıyam, maliyyə cəhətdən çatdıra, o qədər pulu ailəmin boğazından kəsib verə bilmirəm. Gələcəkdə işlərim maliyyə cəhətdən düzəlsə, C kateqoriyalı məşqçi kursunda təhsil almaq istəyirəm.
- Kürdaxanıda evinizin həyətində saldığınız meydançaya Azərbaycan milli komandası da gəlmişdi. Bu barədə təəssüratlarınız necədir?
- Gözlənilmədən oldu. Uşaqlar da, mən də çox məmnun olduq. Əməyinə qiymət verildiyini görəndə anlayırsan ki, əziyyətin yerə düşmür. Çox sevincdirici haldır. Mən həyatımı bu işə bağlamışam, oyunçu və məşqçi kimi daim həvəskar futbolun içində olmuşam. Sevinirəm ki, gəlib maraqlandılar, topla dəstək oldular, uşaqlara formalar payladllar, bəzi ləvəzimatlar - "fişka"lar, nərdivan-pilləkən verdilər. Bir sözlə, çox xoş oldu.
- Meydançaya sərdiyiniz süni ot örtüyünü sizə kim verib?
- Ən birinci örtüyü özüm tapmışdım. Çox köhnə idi. Onları tələbələrimdən biri dəmir yolu xətlərinin kənarına sərilmiş vəziyyətdə görərək mənə demişdi. Mən də gedib gətirmişdim. Ondan qabaq torpaq üzərində məşq edirdik. Düşündüm ki, heç olmasa, süni örtükdə məşqlər edək. Açığı, güclü imkanım yoxdur, cibimdən ala bilmirəm. Özüm hərbçi olmuşam, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizəsində gizir olmuşam. 670 manat təqaüd alıram. Əlavə gəlirim yoxdur. Özüm ala bilmədiyimdən, onları yerə sərdik və üzərində məşq etməyə başladıq. Məşqlərimizi özümü üçün "tik-tok"da paylaşırdıq. Ağlımıza gəlmirdi ki, kimsə baxar və hansısa köməyi edər. Sağ olsunlar, idman.biz saytında görərək, mənə müsahibə üçün müraciət etdilər. Daha sonra İctimai TV gəlib çəkdi. Beləliklə, maraq artdı.
- Bəs yeni örtüyü kim verdi?
- Gənclər və İdman Nazirliyindən bizə dedilər ki, Şağan Olimpiya İdman Kompleksinin süni örtüyünü dəyişirlər, gedin, əvvəlki örtüyü götürün. Düzdür, işlənmiş xalçadır, amma normal vəziyyətdə idi. Ən azı bizimkindən çox yaxşı və keyfiyyətlidir. Bizimki pis vəziyyətdə idi. Bu isə normaldır, üstündə oymamaq olar, uşaqlar yıxılanda əzilmir. O cəhətdən yaxşıdır. Düzdür, hissə-hissədir, amma tikib düzəldəcəyik.
- Milli komandanın məşqinizə gələcəyini sizə kim bildirdi?
- Kimin təşəbbüsünün olmasını dəqiq bilmirəm. Mənə o barədə bir söz deyilmədi. Millinin baş məşqçisi Ayxan Abbasovla yanaşı, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov da gəlmişdi. Fərrux müəllim məşqimizi sosial şəbəkələrdə gördüyünü bildirdi. Ola bilsin, Ayxan müəllim də deyib ki, millinin futbolçuları ilə birlikdə gedib baş çəkək.
- AFFA və milli komanda rəsmiləri ilə görüş zamanı bu örtüyün tamamilə dəyişdirilmə məsələsi qalxmadı?
- Üzlü insan deyiləm, utandığımdan, deyə bilmədim. Düşündüm ki, bəlkə özləri nə isə deyər, amma onlar da heç nə demədilər. Elə özüm də bir söz demədim. Top və ləvazimat köməkliyi göstərdilər. Örtüyə görə də kömək etsəydilər, lap yaxşı olardı. Lakin təşəbbüs göstərilmədi. Özümün keçmiş tələbələrim də, başqa bir komandam da var. Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Hacı Vaqif Davudov bu il "Dalğa Arena"da Ələkbər Məmmədovun xatirəsinə turnir keçirdi. Biz orada üçüncü yeri tutduq. Bu komandanı Region Liqasına buraxmaq istəyirik. Sadəcə, kəndimizdə öz stadionumuz yoxdur. Böyük ölçülü meydançaya ehtiyacımız var. Region Liqasının tələblərinə uyğun meydança ərsəyə gətirsəydilər, təkcə uşaq futbolunda deyil, yeniyetmələr və gənclər futbolunda da yavaş-yavaş nə isə etmək olardı.
- Meydançanın ölçüləri normal məşq keçməyinizə imkan verirmi?
- Uzunluğu 18 metr, eni 15 metrdir. Öz həyətimdir. Sadəcə, uşaqlar üçün yaxşıdır. Burada texniki-taktiki və fiziki məşqlər keçirik. Bilirik ki, minifutbol meydançasının ölçüləri 40X20 metr olmalıdır. Həyətimizdəki meydançanın ölçüləri hətta minifutbol meydançasının ölçülərindən də kiçikdir. Lakin məhəllələrdə daha kiçik ölçülü meydançalar düzəldirlər. Buna özüm dəfələrlə şahidlik etmişəm. Bizim həyətdəki meydança isə daha böyükdür. Yanaşı həyətdə hazırda qardaşım yaşayır. Ora mənim ata evimdir, orada doğulub boya-başa çatmışam. Sadəcə, ailə qurduqdan sonra həyəti yarıya bölmüşük. Gələcəkdə qardaşımla danışaraq, meydançanı daha 10 metr böyüdə bilərik. Komandamda qardaşımın oğlu da məşq edir. 2016-cı il təvəllüdlüdür, solaxaydır. Təkcə onu yox, bu cür formada olan 2-3 uşağı da gələcəkdə hansısa komandaya vermək istəyirik. Uşaq futbolu bir təməldir. Burada topla rəftar, top saxlamalar, driblinqlər, fiziki hazırlıqlar öyrədilir. Daha sonra isə yuxarı yaşlılardan ibarət komandalara keçidlər başlayır.
- Yeri gəlmişkən, hansısa klubda yetirmələrinizdən çıxış edən varmı?
- Bir oyunçum - Murad Muradov "Zirə"də oynayır. 2009-cu il təvəllüdlü qapıçıdır. Klubun U-19 komandasını oyunlara kapitan kimi çıxarır, Azərbaycanın 17 yaşlılardan ibarət yığmaya da namizəd idi. Bu yaxınlarda çox sevindirici xəbər aldım ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov onu əsas komanda ilə məşqlərə də cəlb edib. Yəni, həm əsas, həm də əvəzedici komandalarla hazırlıq keçir. Öz əlimdəki futbolçuları da gələcəkdə klublara yönəltmək istəyirəm.
- Məşq keçdiyiniz uşaqlar hansı təvəllüdlülərdir?
- Əsasən 2015 - 2017 təvəllüdlülərdir. Lakin 2013 və 2014-cü il doğumlular da var. Gələn mövsüm 2015-2016 təvəllüdlüləri Azərbaycan birinciliyində oynatmaq istəyirəm. Buna görə də müvafiq yaş qrupuna üstünlük verirəm.
- Yaxınlıqda uşaq futbolu standartlarına uyğun meydança varmı?
- Orta məktəbin stadionu var. Lakin orda da dərslər keçirilir. Gərək icazəsi Elm və Təhsil Nazirliyindən alınsın. Eyni zamanda, Pirşağı-Kürdəxanı İdman Kompleksi də mövcuddur. Əvvəllər orada məşq keçirdim. Amma onları da başa düşmək lazımdır. İcarə haqqı ödənilməlidir. Çünki meydançada pul ödəyərək, minifutbol oynayanlar da olur. Ona görə də isdədiyimiz vaxt isdədiyimiz qədər məşq keçə bilmirik. Mən uşaqlara bir saata məşq keçirəm, daha bir saat isə bölüşdürüb futbol oynadıram. Öz həyətimdə bunun üçün məhdudiyyət yoxdur. Orada isə vaxtladır. Ona görə də öz həyətimizdə olan meydança daha sərfəlidir. Uşaqlarla nə qədər lazımdırsa, o qədər məşq keçə bilirik. Bir növ sərbəstlikdir, özümüzündür. Uşaqlar da özlərini evlərindəki kimi hiss edirlər.

- Kürdəxanıda bu ildən "Turan Tovuz"un "Hünər" təlim-məşq bazası da fəaliyyətə başlayıb...
- Bəli, açılışda özüm də iştirak edirdim. Orada Sabunçunun deputatı Azər Allahverənova yaxınlaşdım və Region Liqasına komanda buraxmaq istədiyimi bildirdim. Bu zaman Tovuzun deputatı Arzu Nağıyev də yaxınlaşdı, məsələni bildikdən sonra Ehtiram Quliyevi çağırdı. Ehtiram müəllim də dedi ki, nəzərimizdə saxlayarıq. Lakin sonra heç bir xəbər çıxmadı. Bəlkə gələcəkdə o da kömək edər. Bir dəfə "Turan Tovuz"un məşqinə getmək istədim, dedilər ki, baş məşqçi Kurban Berdıyev məşqlərə heç kimi buraxmır. Eşitdiyimə görə, 4-5 ha-lıq ərazidə 3-4 ədəd süni örtüklü meydança da salınacaq. Ümidvaram ki, o meydançalar hazır olduqdan sonra Region Liqasına da komanda buraxacağıq.
Elşən MƏMMƏDOV







































































