"Çətin səfər idi, yaxşı formada olan komandaya qarşı oynayırdıq. Bilirdik ki, son matçlarda "Sabah" qələbələri sıralayır. Biz də yaxşı hazırlaşmışdıq. Futbolçularımın göstərdiyi performans bizi sevindirdi.Təəssüf edirəm ki, qol epizodlarını dəyərləndirə bilmirik. Çempionatın başlanğıcından 100 faizlik qol epizodlarını qaçırırıq. Amma bunun üzərində çalışırıq. Oyun planımızdakı epizodlar alındı. Vacib xal qazandıq. Gələcəyə baxacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Sabah" komandası ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 44 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Mübahisəli epizodları izlədiniz?
- Düzü, təkrara baxmadım. Oyunun tempi yaxşı idi. Baş hakim də mübarizəyə bir az imkan verirdi. Mərkəzdə 1-2 epizodlar oldu ki, xırda foullardır. Bu da olur. Meydançadakı hər şeyə onsuz da, reaksiya veririk. Yəqin ki, VAR-da baxırdılar. Mən baxmamışam, heç nə deyə bilmərəm.
- Rüfət Abbasov bu gün vinger kimi oynadı. Deyəsən, yeni Toral Bayramov yetişdirirsiniz?
- Bu gün sistem sırf rəqibə görə idi. "Sabah"ın yaxşı hücumları var. Rəqibə görə sistemi dəyişmişdik. Rüfətə bir az da inam gəlməsi üçün hücumda oynatdıq. Birinci hissədə yaxşı idi, sonra o da yoruldu. Rüfət universal oyunçudur. Bəlkə gələcəkdə sağ cinahda da oynatdıq.
- Demək olarmı ki, "Sabah"ı daha yaxşı tanıyırsınız...
- Bu mövsüm onlara uduzmuşduq. Ötən mövsüm maraqlı keçmişdi. "Sabah"ın baş məşqçisi indi fərqli adamdır. Bəlkə "Sabah" bizdən bu sistemi gözləmirdi. Çempionatda bütün komandalar bir-birini yaxşı tanıyır. Biz də hansısa məqamda təəccübləndirmək istədik. Ola bilərdi ki, alınmasın. Baş məşqçisənsə, risk etməlisən. Ən sevindiyim odur ki, futbolçular tez qəbul edirlər. "Sabah" yaxşıdır, bu mövsüm daha rəngarəng oynayırlar.
- Legioner limitinin ləğvindən sonra futbolun keyfiyyətinin artacağı deyilirdi. Amma meydanda bu keyfiyyət görünmür. Ötən mövsümlə müqayisədə keyfiyyət artıb?
- Bizim liqa çətindir. Bunu kənardan mütəxəssislər də deyir. Bəzən yaxşı görünməməsinin səbəbi oyun saatı, stadiondakı boş tribunalardır. Bəlkə baxmırsıız, amma biz bir çox liqalara baxırıq. Məsələn, Xorvatiya, Serbiya kimi çempionatlara baxırsan, bəzən oyunda heç iki korner olmur. Əvvəl daha çox meydanda hücum futbolu oynanılırdı. Amma indi vəziyyət dəyişib. Taktiki mübarizə daha ön plana çıxıb. Komandaları başa düşmək olar, nəticəyə oynayırlar. Limitin ləğvindən sonra səviyyənin tez artacağı fikri ilə razılaşmıram.
- Hazırkı tempə və çempionata baxanda gələcəkdə milli komanda nəsə ümid verir?
- Bilmirəm temp necə görünür. Bu oyunun göstəricilərini bilmirəm. Oyunun təmiz necə keçdiyinə baxmalıyıq. Premyer Liqamız bir çox ölkə çempionatlarından üstündür. Bizdə ən aşağı dəqiqə 35-37 olur. Amma ölkələr var ki, 30 dəqiqə futbol oynanılır. "Qarabağ"la oyunumuz təmiz 60 dəqiqə oynanılmışdı. Çox yüksək temp idi, artırmalıyıq. Amma çempionatın tempi artanda milli də yaxşılacaq demək düzgün deyil. Komandada rəqabət olmalıdır. Baxın, Xəyal Əliyev “Sabah”da əsas heyətin üzvüdür. Biz rəqabəti də artırmalıyıq.


































































