"Razıyam, indiki vəziyyətimiz ürəkaçan deyil. Turnir cədvəli baxımından da yaxşı mövqedə qərarlaşmamışıq. Oyun baxımından isə ötən mövsümə nəzərən xeyli fərq var".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Mübariz Orucov evdə "İmişli"yə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, sərgilədikləri oyun nəticəyə təsir etmir: "I dövrədə çoxlu xal itirmişik. Bu gün də çox üzücü məğlubiyyət aldıq".
Orucov heyətdə dəyişikliklər etsələr də, Vensan Abubakar və Metyu İfanyinin komandaya sonradan qoşulduqlarını xatırladıb: "Heyət hələ tam formalaşmayıb. Düzdür, ötən mövsümlə müqayisədə çoxlu dəyişikliklər olub. Lakin hələ yenilərin bir-birinə uyğunlaşma prosesi gedir".
Məşqçinin fikrincə, "İmişli" güclü rəqiblərə qarşı motivasiya ilə oynayır, onlarda istək daha çox olur: "Bilmirəm ki, sözlərim rəqib tərəfdən necə qəbul olunacaq. Yaxşı futbol oynadılar. Bu gün daha istəkli olduqları üçün, istək hesabına qələbə qazandılar. Belə komandalar böyük klublara baxanda həmişə daha istəkli olurlar. Hesab edirəm ki, istək hesabına qalib gəldilər".
O, standart vəziyyətlərdən qol buraxmalarına da diqqət çəkib: "Futolçularımıza "İmişli"nin autdan uzağa top atdıqlarını bildirmişdik. Təəssüf ki, qorxduğumuz standart vəziyyətlərdən qollar buraxdıq".
İstənilən nəticələr əldə edə bilməmələrinə baxmayaraq, Orucov həm çempionata, həm də kuboka kökləndiklərini xatırladıb: "Düzdür, çempionatda işlərimiz yaxşı getmir. Amma kubok da bizim üçün qısa yoldur. Əlbəttə, ora da köklənəcəyik. Lakin bu, çempionatı boş verdiyimiz anlamına gəlmir. Premyer Liqanı demək olar ki, yarılamışıq, amma qarşıda oyunlar var. Hədəfimiz həmişə yüksək yerlər, çempionluq olub. Düzdür, bu dəqiqə çempionluqdan danışsam, gülməli çıxar. Amma ən azından avrokubokları hədəfləmişik və inanırıq. İndi inandırıcı olmaya bilər, amma şəxsən mən inanıram ki, avrokuboklara vəsiqə qazanacağıq".



































































