AFFA Hakimlər Komitəsinin sədri təyin olunan Rəhim Həsənovun fikrincə Misli Premyer Liqasında bir neçə tur referilərin idarəçiliyində stabillik olmayıb.
Sportnet.az-ın məlumatına görə, yeni sədr "Report"a açıqlamasında təyinatı ilə əlaqədar AFFA rəhbərliyinə təşəkkür edib.
O, çempionatın ən çətin dönəmində bu yükün altına girdiklərini söyləyib: "Amma Hakimlər Komitəsi olaraq əlimizdən gələni edəcəyik ki, qısa zamanda referiləri toplayıb oyunlara hazırlayaraq. Bir neçə turda hakim idarəçiliyi stabil olmayıb. Bunun səbəbləri araşdırılır. İlkin versiya onların psixoloji hazır olmamasıdır. Bunun aradan qaldırılması üçün hər referi ilə fərdi görüş keçiriləcək və müzakirələr aparılacaq".
Sədr hazırda Komitə daxilində ciddi dəyişiklərin gözlənilmədiyini də vurğulayıb: "Amma yeniliklərə ehtiyac var və zaman ilə bu məlumatlar sizlərə çatdırılacaq. Gənc, yeni referiləri siyahıya əlavə etmək istəyirik. Amma hazırda hakim resurslarımız o qədər də zəngin deyil. Bu istiqamətdə çalışmağımıza ehtiyac var. Hakimlərimə inanıram və ümid edirəm ki, qarşıdan gələn oyunlara daha ciddi hazırlaşacaqlar və bacarıqlarını nümayiş etdirəcəklər".











































































