UEFA "Qarabağ"ı İngiltərənin "Çelsi" klubunun şikayəti əsasında cəzalandırıb.
Sportnet.az-ın xəbərinə görə, bununla bağlı Avropa futbol qurumu rəsmi açıqlama yayıb.
Bildirilir ki, noyabrın 5-də "Azersun Arena"da iki komanda arasında keçirilmiş UEFA Gənclər Liqasının IV tur matçı zamanı yerli azarkeşlər irqçiliyə yol veriblər. Onlar 58-ci dəqiqədə qol vuran "Çelsi"nin futbolçusu Sol Qordonu təhqir ediblər. Nəticədə oyun bir müddətlik dayandırılıb və daha sonra bərpa edilib. Qarşılaşma "zadəganlar"ın qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra araşdırma aparan UEFA "Qarabağ"ı 5 000 avro cəriməyə məruz qoyub. Bununla yanaşı, klubun gənclərdən ibarət komandası növbəti ev oyununu şərti olaraq, azarkeşsiz keçirəcək. Qarşıdakı 1 il müddətində eyni hal təkrarlansa, şərti cəza qüvvəyə minəcək.











































































