"Saşa İliçin Ayxan Abbasovdan üzrxahlığı onun öz təşəbbüsü ilə olub".
Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyev "Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının XIII tur matçı zamanı baş məşqçilər arasında yaşanmış insidenti şərh edərkən deyib.
Onun sözlərinə görə, hələlik klub rəhbərliyi ilə serbiyalı mütəxəssis arasında görüş olmayıb: "Şamaxı" ilə oyundan sonra rəqib həmkarından üzr istəməsi onu göstərir ki, İliç səhvini başa düşüb və yerindəcə reaksiya verib. Klubumuzun prezidenti Riad Rəfiyev ya bu gün, ya da sabah baş məşqçimizlə danışacaq və iradlarını bildirəcək".
Xudiyev onu da bildirib ki, oyun zamanı İliçin özündən çıxmasına səbəb olacaq hər hansı davranış qarşı tərəfdən nümayiş etdirilməyib: "Sadəcə, ola bilsin, "Şamaxı" öndə olduqdan sonra oyunu ləngitməyə çalışırdı. Həm də oyunun sonları idi, emosiyalar istər-istəməz gərgin olur".
Qeyd edək ki, "Sumqayıt" 88-ci dəqiqədə bərabərlik qolunu vurduqdan sonra Saşa İliç sevincini emosional formada nümayiş etdirib. Bu isə Ayxan Abbasovla onun arasında münaqişəyə səbəb olub. Hər iki baş məşqçiyə qırmızı vərəqə göstərilib.






































































