AFFA Region Liqasının "Crystal" - "Qobu" oyunundan sonra kütləvi toqquşma baş verib.
Sportnet.az xəbər verir ki, İntizam Komitəsi yaşanmış olaylarla bağlı sərt tədbirlər görüb.
Qarşılaşma bitdikdən sonra "Crystal"ın futbolçusu Məhəmmədamin Cəfərli və komandanın köməkçi məşqçisi Fərid Şahhüseyni təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırılıb. Hər iki şəxs 3 oyunluq cəzaya məruz qalıb.
Bu zaman komandanın cəzalı baş məşqçisi Şahin Şahhüseyni meydana daxil olaraq rəqib komandanın oyunçusunu vurduğu üçün növbəti 14 oyuna buraxılmayacaq.
"Qobu"dan isə futbolçu Kənan Hacıyev təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə aldığı üçün növbəti 3 oyundan kənarda qalacaq.
Daha bir futbolçu Emin Əlicanov təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna), eyni zamanda hakimlərə fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 10 oyuna buraxılmayacaq.
"Qobu"nun digər futbolçusu Rəşad Abasov 47-ci dəqiqədə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyuna buraxılmayacaq.







































































