Yuri Vernidub bu gün “Neftçi”nin baş məşqçisi təyin olunacaq.
Sportnet.az “TaToTake”yə istinadən xəbər verir ki, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə bağlanılacaq.
Dekabrın 8-də o, yeni komandasının səfərdə “Sabah”a 0:2 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasındakı XIV tur matçını "Bank Respublika Arena"da köməkçiləri ilə birlikdə canlı izləyib.
59 yaşlı mütəxəssisə oğlu Vitaliy Vernidub, eləcə də Dmitri Kara-Mustafa, Valeri Mixaylenko və İqor Fokin yardımçı olacaq.
Teleqram kanalında qeyd olunub ki, “Neftçi” Yuri Vernidub və köməkçilərinin ölkə xaricinə çıxıb fəaliyyət göstərmələri üçün Kiyevdə müvafiq instansiyalara rəsmi müraciət ünvanlayıb.
Y.Vernidubun son iş yeri “Krivbass” olub. O, həmçinin “Zarya”, Belarusun "Şaxtyor" (Soliqorsk) və Moldovanın “Şerif” komandalarına da rəhbərlik edib.












































































