Azərbaycan Premyer Liqasının XV turunda “Sumqayıt” səfərdə “Neftçi” ilə 2:2 hesablı heç-heçə edib. Qarşılaşmadan sonra “Sumqayıt”ın yaponiyalı futbolçusu Masaki Murata Sportnet.az-a açıqlamasında oyunun gedişi, meydanda yaşanan gərgin epizodlar və komandadakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb:
– Oyun barədə fikirlərin necədir?
– “Neftçi” güclü rəqibdir və onlarla oyunlar hər zaman çətin keçir. Komandalarında keyfiyyətli və təcrübəli futbolçular var. İlk hissədə üstünlük əsasən onların tərəfində idi. Üstəlik, yeni baş məşqçi amili də öz sözünü deyirdi. Rəqib ilk yarıda yaxşı oynadı və qol vurmağı bacardı. İkinci hissənin əvvəlində də fəal idilər. Lakin hissənin sonlarına doğru toparlana bildik, oyunda üstünlüyü ələ aldıq və iki qolla fərqləndik.
– Mübahisə nə üstündə yarandı?
– Həmin an ehtiyatda idim, ona görə də hər şeyi dəqiq görə bilmədim. Ancaq gördüyüm qədərilə bizim futbolçunu itələdilər və bu da gərginliyə səbəb oldu.
– “Sumqayıt”da qalmaq istəyirsən? Özünü burada xoşbəxt hiss edirsən?
– Bəli, hazırda komandada vəziyyətimiz çox yaxşıdır. Çempionatda yuxarı pillələrdəyik, hər oyunda xal qazanmağa çalışırıq. Güclü heyətimiz var və özümü komandada xoşbəxt hiss edirəm. Ayrılmaq fikrim yoxdur.
– Çempionatda iki yaponiyalı futbolçu çıxış edir: biri Ohori, digəri isə sənsən. Onunla münasibətin necədir?
– Münasibətlərimiz normaldır. O, Gəncədə yaşayır, Bakıya gəldikdə görüşürük, söhbət edirik.
– Azərbaycan mətbəxində ən çox sevdiyin yemək hansıdır?
– Qutab.
Haşım MƏMMƏDOV







































































