Özbəkistanda Azərbaycanla birlikdə 20 yaşadək futbolçular arasında təşkil olunacaq 2027-ci il dünya çempionatı üçün yeni stadionun tikintisinə başlanılıb.
Sportnet.az xəbər verir ki, Yeni Daşkənd şəhərində inşa olunan arena 55 min tamaşaçı tutumuna malikdir.
FIFA-nın tələbinə əsasən, final və yarımfinallar ən azı 50 min tamaşaçı tutumuna malik stadionda keçirilməlidir. Lakin Özbəkistanda ən iri tutumlusu "Paxtakor" stadionudur ki, o da 35 min yerlikdir. Halbuki 1956-cı ildə açılan bu stadionun 2008-ci ilədək tutumu 55 min olub. İkinci böyük stadion sayılan "Bunyodkor" isə 34 min nəfərlikdir.
Bu səbəbdən, yeni stadion tikintisinə zərurət yaranıb.
Yeni Daşkənd Mərkəzi Futbol Stadionunun bünövrəsinin qoyulma mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edib. O, layihənin 100 milyon dollara başa gələcəyini açıqlayıb.
Mirziyoyev onu da vurğulayıb ki, Yeni Daşkənddə həyata keçirilən bütün layihələr vahid konsepsiya əsasında reallaşdırılır. Bu konsepsiya müasir memarlıq yanaşmasının milli dəyərlərlə harmonik vəhdətini, ekoloji dayanıqlılığı və “ağıllı idarəetmə” prinsiplərini özündə birləşdirir.
Yeni stadion təbii mühitə inteqrasiya olunacaq, “yaşıl enerji”, “ağıllı idarəetmə” və rahat şəhər mühitinin yaradılması prinsipləri əsasında fəaliyyət göstərəcək.
Stadion FIFA-nın bütün tələblərinə cavab verəcək və Asiyanın ən iri, eyni zamanda ən texnoloji futbol obyektlərindən birinə çevriləcək.
Arena təkcə 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatı üçün deyil, uzunmüddətli perspektivdə Özbəkistan futbolunun və gənclər idmanının inkişafında mühüm rol oynayan əsas mərkəzlərdən biri olacaq.
Qeyd edə ki, U-20 dünya çempionatının Azərbaycan və Özbəkistanda keçirilməsinə dair qərarı FIFA Şurası oktyabrın 2-də qəbul edib.








































































