"Bu gün istədiklərimizi həyata keçirə bilmədik. Komanda ilk dəqiqələrdən "Turan Tovuz"un təsiri altına düşdü. 2-3 gün ərzində danışdığımız gedişlər meydanda alınmadı. Bəzən zəif oyunlar olur. İstəməzdik ki, bu gün olsun. Demək olar ki, heç nə alınmadı. "Turan Tovuz"u təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov Yevlax şəhər stadionunda "Turan Tovuz"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.
Daha sonra 41 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçular ilin son matçı olduğu üçün istirahətə yollanmağa tələsir?
- Xeyr. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçuların motivasiyası da yaxşı idi. Bəlkə də mövsümün yorğunluğundan ola bilər. Çox ağır günlərimiz oldu.
- Rəqib oyunçular tez-tez yerə yıxılırdı və hakim də oyunun dayanmasına şərait yaradırdı. Bu, sizin oyununuza mənfi təsir etdi?
- Səbəb tək bu deyil. Rəhim Həsənov klublarla görüşdə bildirdi ki, istəyimiz oyunun tempinin düşməməsi, tez-tez dayanmaların olmamasıdır. Bu gün hakimliyin tək futbolçulara yox, məşqçilər heyətinə psixoloji təsiri oldu. Yalan olmasın, rəqib oyunçular bəlkə 20 dəfə yerə yıxıldılar. Çox vaxt bunda məqsəd vaxt aparmaqdır.













































































