"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "İmişli" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Oyun gözlədiyimiz kimi keçdi. Rəqib daha çox müdafiə olunur, biz də onu yarmağa çalışırdıq. Vurduğumuz qol sayılmadı. Birinci hissədə nəzarət bizdə idi. İkinci yarıda daha sürətli futbol getdi, bir neçə qol epizodumuz oldu. Vacib xallar itirdik. Artıq fasiləyə gedirik. Futbolçularımdan ümumilikdə razıyam. Son matçlarda hücum xəttində bir az problemlər yaşayırıq. 11-12 oyundur ki, əsas hücumçumuzdan istifadə edə bilmirik. Çox itkilərimiz var. Bu da istədiyimiz heyətlə meydana çıxmağımıza problem yaradır. Ümidvaram ki, qışdan sonra bu qədər problem yaşamarıq.
- İkinci oyundur ki, "İmişli"ni məğlub edə bilmirsiniz. Bu, nə ilə bağlıdır?
- İstəyirdik ki, qələbə qazanaq. Məyusuq, amma bu gün uduzsaydıq da, futbolçularımın çıxışından razı qalacaqdım. 16 matçın cəmi birində meydanda zəif olmuşuq, o da "Sabah"la görüşdə. Meydana hücumçu buraxmaq istəyirdim. Amma yox idi. Konateni hücumçu kimi oynadırdıq. Onsuz da heyətimiz kasaddır, Davit Volkov 11-12 oyundur yoxdur. Nə vaxt bərpa olunacağı bilinmir. "İmişli" yaxşı, möhkəm komandadır. Səfər matçlarında daha təhlükəli olurlar. Bir xala görə şikayətçi deyilik.
- Büdcəniz imkan verəcək ki, qışda transfer edəsiniz?
- İmkanımız yoxdur, büdcə ona imkan vermir. Rəhbərlikdən xahiş edəcəyik ki, 1-2 transfer edək. Digər tərəfdən, rüsum məsələsi var. Gücümüzün çatıb-çatmayacağını bilmirik. Mövsümün əvvəlində bilirdik ki, hücum xəttinə oyunçu lazımdır.
- Renat Dadaşov Polşanın "Motor" klubundan ayrılacaq. Onunla danışmağa cəhd edəcəksiniz?
- Xeyr, cəhd etməmişik. Bunu indi sizdən eşidirəm. Rəhbərliklə oturacaq, danışacaq, kimin komandamızı gücləndirə biləcəyinə dair müzairə aparacağıq. Yerli futbolçu yoxdur axı... Hərə öz komandasındadır. O üzdən də kim bu dəqiqə futbolçusunu sənə verəcək? Yəni, komandanı gücləndirəcək yerli oyunçudan danışıram. Digər tərəfdən, hər bir yerli futbolçunun öz klubu ilə müqaviləsi var. Qışda kimisə transfer etmək çox çətindir. Yalnız legioner gətirmək qalır.






































































