"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Əlbəttə, üzücü məğlubiyyət oldu. Oyunu götürsək, məğlubiyyəti haqq etmirdik. Çempionat boyunca bu qədər qol epizoduna girərək dəyərləndirmədiyimiz görüş yadıma gəlmir".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis son nöqtəni qoya bilməmələrinə təəssüfləndiyini söyləyib.
O, qış fasiləsinədək topladıqları 20 xalı pis göstərici saymayıb: "Ümumən, xalımız pis deyil. Lakin daha da yaxşı ola bilərdi. Bəlkə də futbolçularımızdan çox şey istəyirik. Təəssüf ki, gənc futbolçularımız onlara göstərdiyimiz etimadı tam doğrultmur. Biz onların gələcəkləri barədə daha böyük şeylər fikirləşirik. Lakin bu qədər epizoda girərək yararlanmamaları bizi üzür".
Abbasov qış fasiləsindən sonra çempionatın yenə gərgin keçəcəyini vurğulayıb: "İstərdik ki, bu gün xal fərqimizi artıraq, 6-cı pilləyə yüksələk və ya bir az da irəli gedək. Amma belə çıxır ki, futbolçularımız hələ buna tam hazır deyil. Onların özlərinə inanmaları vacibdir".





































































