Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi. Dövlət başçısı tədbirdə çıxış etdikdən sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssislərini mükafatlandırdı. Ölkə rəhbəri fəxri adlarla yanaşı, il ərzində yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.
Mənzillə mükafatlandırılanlardan biri Olimpiya növləri üzrə milli komandalar üçün Təlim məşq mərkəzinin direktoru, Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevdir. Abdullayev Sportnet.az-a müsahibəsində təəssüratlarını bölüşərək, Prezident İlham Əliyevlə etdikləri söhbətə də diqqət çəkib.
- Prezident İlham Əliyevlə söhbətinizdə onu futbol oynamağa dəvət etdiniz. Bu barədə ətraflı danışardınız...
- Cənab Prezident Milli Olimpiya Komitəsinin rəhbərlik etməyə başladığı 1997-ci ildən sonrakı ilk illərdə həftənin iki günü - bazar ertəsi və cümə axşamı, işi olduğu vaxt həftədə bir dəfə birlikdə futbol oynayırdıq. Oyunlar işdən sonraya təsadüf edirdi. Ötən gün bizimlə görüşü zamanı yenə futbol oynamağa gəlməsini xahiş etdim. O, əvvəlcə elə başa düşdü ki, milli komandanın oyununu izləməyə gəlməsini istəyirik. "Gələrəm, birdən uduzarlar, pis olarıq" cavabını verdi. Mən isə "özümüz oynamaq üçün" söylədim. Qocaldığını bildirdikdə "Hara qocalırsınız? Cavansınız" dedim. Daha sonra oynadığı vaxtlardan neçə il keçdiyini soruşdu. Dedim ki, 27-30 il. O, vaxtın çox tez keçdiyini, mən isə "Vaxt keçmədi, uçdu" söylədim. Aramızda bax, bu cür söhbət oldu. Mən orada cənab Prezidenti "Siz Azərbaycanı dünyada tanıtdırdınız, belə bir qüdrətli dövlətin olduğunu bəyan etdiniz, üzümüzü ağ etdiniz" sözləri ilə təbrik etdim. O da təşəkkürünü bildirdi. Görüş zamanı futbol oynadığı illəri yada saldıq.
- İstərdik ki, həmin oyunlardan danışasınız. İlham Əliyev hansı mövqedə oynayırdı və komandasında kimlər yer alırdı?
- O, bazaya gəldiyi vaxt İsgəndər Cavadov, Maşallah Əhmədov kimi veteran futbolçular da burada olurdu. Veteranlardan əlavə, polis və prokurorluq əməkdaşları da gəlirdilər. Heç kimin meydançada konkret bir mövqeyi yox idi. Amma özü əsasən hücumameylli mərkəz yarımmüdafiəçisi kimi çıxış edirdi. Münasibətlərimiz də elə o vaxtdan yaranmışdı. Bir dəfə belə bir hadisə oldu: Axşam tərəfi idi. O, bazada olduğu vaxt işıqlar söndü. İşıq idarəsində təmir işləri gedirdi, bilmədən söndürmüşdülər. Gedib dedik, tez yandırdılar (gülür - red.).
- Tofiq Bəhramov adına Respublika stadionunun mərhum direktoru Akif İsmayılov "Cənab Prezidentin komandasında qapıçı olmuşam" deyirdi...
- Düz deyirdi. Allah rəhmət eləsin.
- Bəs Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyev futbol oynamağa gəlirmi?
- Ölkə Prezidenti olduqdan sonra işləri çoxdur, futbol oynamağa elə də vaxtı yoxdur. O qədər dövlət işi var ki... Bir gün Bakıda, ertəsi gün Şuşada, növbəti gün xarici ölkədə olur. Azərbaycanın adını ucaltmaq, hər yerdə tanıtmaq üçün işlər görür.
- Prezident İlham Əliyevlə əvvəllər də söhbətləriniz olub. Hansını açıqlaya bilərsiniz?
- 1998-ci il oktyabrın 10-da Bakıda Azərbaycan millisi Avropa çempionatının seçmə oyununda Macarıstana 0:4 hesabı ilə uduzmuşdu. Özüm də həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionunda oyunu canlı izləyirdim. Qarşılaşma bitdikdən sonra o, məni çağırdı və "Oqtay, pasportunu ver, sən millidə çıxış edəcəksən. Çünki çox yaxşı oynayırsan" söylədi. Yəni, milli komanda ilə bağlı mövqeyini elə orada da ifadə etdi. İlham Əliyev çox fərqli insandır, inanılmaz yaddaşa sahibdir. Nəyin hansı ildə olduğu, kimin nə vaxt nə etdiyi yadında qalır. Eləcə də birlikdə nə zaman futbol oynadığımızı çox gözəl xatırlayır. Belə insanlar hər əsrdə bir dəfə dünyaya gəlirlər. Veteranlar adından ona minnətdarlığımı bildirirəm. Sağ olsun! Həqiqətən də belə Prezidenti istəməmək mümkün deyil. Çünki Azərbaycan üçün böyük işlər görüb.
- Dövlət başçısının "Gələrəm, uduzarlar, pis olarıq" sözlərini milli komandaya bir mesaj kimi də qəbul etmək olarmı?
- Əlbəttə, cənab Prezident millinin nəticələrindən narazıdır. Bunu hamı, o cümlədən, cavabdeh şəxslər də bilirlər. Amma oyunlara gəlsə, daha yaxşı olar, futbolçular daha da ruhlanar, ikiqat qüvvə ilə oynayar, uğurlu nəticə göstərə bilərlər.
- Söhbət zamanı sanki çox ərkyana danışırdınız...
- Belə bir insanla danışmaq da rahatdır. O qədər sadə insandır ki, özü sənə danışmağa, söz deməyə imkan yaradır. Hər rəhbər işçidə belə xüsusiyyət yoxdur. Digər tərəfdən, bir-birimizi çoxdan tanıyırıq. Bu baxımdan, mənə də imkan yaratdı, soruşdu, cavab verdim. Bir sözlə, aramızdakı ünsiyyət gözəl və maraqlı alındı.
- Prezident İlham Əliyev sizə mənzil də verdi. Bu barədə nə deyə bilərsiniz?
- Minnətdaram ki, xidmətlərimi nəzərə alaraq, məni üçotaqlı mənzillə təmin etdi. Hər ilin sonlarında cənab Prezident idmançılar və idman xadimlərini mənzil və fəxri adlarla mükafatlandırır, qiymətləndirir. Gənclər və idman naziri Fərid Qayıbov nailiyyətləri və xidmətləri yüksək olan şəxslərin siyahısını ölkə rəhbərliyinə təqdim edir. Yəni, burada cənab nazirin də rolu böyükdür. Sizin vasitənizlə Fərid müəllimə də təşəkkürümü bildirirəm. AFFA-nın mənimlə bağlı məktubunu nazirliyə vermişdim. Nazirliyimiz də kimin ehtiyacı varsa və xidmətləri, nailiyyətləri böyükdürsə, onu qeyd etmişdi. Minnətdaram ki, bu vəzifədə uzunmüddətli fəaliyyətimi qiymətləndirdilər, Yeni İl öncəsi ailəmizi sevindirdilər. Bununla əlaqədar AFFA-ya da təşəkkürümü bildirdim.
Elşən MƏMMƏDOV



















































































