Monteneqro Futbol Assosiasiyasının (FSCG) Məşqçilərin Təhsil Mərkəzinin proqramı çərçivəsində UEFA “A” lisenziyası almaq üçün nəzərdə tutulan təlimin dörd semestrindən birincisi keçirilib.
Sportnet.az xəbər verir ki, iştirakçılar məşqçi peşəsi üçün zəruri olan bacarıqların inkişafına yönəlmiş nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.
Dərslər FSCG-nin Məşqçilərin Təhsil Mərkəzinin mütəxəssis və təlimçiləri tərəfindən hazırlanıb. Təlim çərçivəsində kursantlar Monteneqrodan və xarici ölkələrdən olan təcrübəli mütəxəssislərin mühazirələrini də dinləmək imkanı qazanıblar.
İlk semestrdə Monteneqro millisinin 18 hazırkı və sabiq futbolçusu iştirak edib. Onların arasında "Qarabağ"ın hazırkı və sabiq futbolçuları Marko Yankoviçlə Marko Veşoviç də yer alıb.
Qeyd edək ki, bütün semestrləri uğurla başa vurduqdan və buraxılış işini müdafiə etdikdən sonra namizədlərə UEFA “A” lisenziyası təqdim olunacaq. Bu diplom məşqçilərə gənclər və əsas komandalar daxil olmaqla daha yüksək səviyyələrdə çalışmaq imkanı verir. Eyni zamanda, UEFA “A” lisenziyası məşqçilərin gələcəkdə UEFA “Pro” – məşqçi təhsilinin ən yüksək pilləsi hesab olunan diplomu əldə etmələri üçün yol açır.















































































