FİFA 2026-cı ildən "The Best" mükafatını əvəz edəcək yeni rəsmi futbol mükafatının təsis olunduğunu açıqlayıb.
Sportnet.az xəbər verir ki, yeni mükafatın təqdimetmə mərasimi Dubay İdman Şurası (Dubai Sports Council – DSC) ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.
Tərəflər arasında müvafiq anlaşma memorandumu Dubayda Ümumdünya İdman Sammiti zamanı imzalanıb.
Əməkdaşlıq çərçivəsində FİFA hər il futbolçular, məşqçilər və futbol ictimaiyyətinin digər nümayəndələri arasında ilin ən yaxşılarını mükafatlandırmağı planlaşdırır.
Yeni mükafat təşkilatın yeganə rəsmi fərdi futbol mükafatı olacaq və “The Best”i tamamilə əvəz edəcək.
Yeni formatda ilk mərasim 2026-cı ildə Dubayda baş tutacaq.
FİFA prezidenti Canni İnfantino bildirib ki, futbol mədəniyyətinin inkişafına xüsusi önəm verən şəhərlə əməkdaşlıq bu tədbirin daha yüksək səviyyədə təşkilinə imkan yaradacaq.
Qeyd edək ki, "The Best"də ilin son ən yaxşı futbolçusu PSJ-nin hücumçusu Usman Dembele seçilib.












































































