Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Elye Vahi mövsümün sonuna qədər Fransa "Nitsa"sına icarəyə verilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu 2025-ci ilin yanvarında Bundesliqaya keçdikdən sonra Liqa 1-ə qayıdır.
Frankfurtda keçirdiyi 25 oyunda fransalı forvard cəmi 614 dəqiqədə yalnız 1 qol vurub. Noyabrda isə baş məşqçi Dino Toppmöller onu oyun heyətinə performans səbəbləri ilə daxil etməyib.
"Ayntraxt"ın 26 milyon avroya transfer etdiyi Vahi üçün Fransa geri dönüşü, ümid olunur ki, formaya dönüşlə eyni vaxta təsadüf edəcək.
2021 – 2023-cü illərdə "Monpelye"də 2 mövsümdə 29 qol vuran hücumçu bu performansı sayəsində əvvəlcə "Lans"a, sonra isə "Marsel"ə transfer olunub.
Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında "Qarabağ"ın qonağı olacaq. Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.














































































