UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçında "Qarabağ"la qarşılaşacaq İngiltərə "Liverpul"u futbolçu itkisi ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, "qırmızılar"ın müdafiəçisi Konor Bredli "Arsenal"a qarşı Premyer Liqanın XXI tur matçında zədələnib.
Londoda keçirilmiş qarşılaşmanın 90+4-cü dəqiqəsində dizindən xəsarət alan şimali irlandiyalı sağ cinah müdafiəçisi meydançanı sərbəst tərk edə bilməyib. Bredli yerdə qaldığı vaxt rəqib oyunçu Qabriel Martinelli onu zorla itələyib meydançadan çıxarmaq istəyib. Buna görə braziliyalı hücumçu sarı vərəqə alıb.
23 yaşlı oyunçunu komanda yoldaşı Co Qomes əvəzləyib. Hələlik Bredlinin zədəsinin ciddilik dərəcəsinə aydınlıq gəlməyib.
Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Bununla da “Arsenal” 49 xalla Premyer Liqada liderliyini qoruyub, “Liverpul” isə 35 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Liverpul” "Qarabağ"la yanvarın 31-də "Enfild" stadionunda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.















































































