Elşən MƏMMƏDOV
Ukraynaya böyük rəğbət və hörmətlə, Rusiyaya isə təcavüzkar ölkə kimi yanaşıram.
Ona da şübhəm yoxdur ki, ukraynalı baş məşqçi Yuri Vernidubun “Neftçi”yə gətirilməsi komandaya faydalı ola bilər. Peşəkar mütəxəssis kimi onun təcrübəsi və bilikləri klub üçün dəyərlidir.
Amma məncə, "Neftçi"nin türkiyəli baş icraçı direktoru Cenk Sümer artıq öz baş məşqçisini qabağına qoyub bəzi məsələləri başa salmalıdır. Çünki baş məşqçi klubun qaydalarını, mətbuat protokollarını və elementar peşəkarlıq etikasını ayaqlar altına atır.
Vernidub Əbu Dabi toplanışını klubun mətbuat xidməti və yerli jurnalistlərə dəyərləndirməmişdən əvvəl ölkəsinin rəsmi saytı üçün açıqlamalar verib. Bu, açıq-aydın razılaşdırılmamış və peşəkar protokollara zidd addımdır. Hətta klub məlumatı gec dərc etsə belə, etika tələb edir ki, baş məşqçi gözləsin, sonra öz ölkəsinin mətbuatına danışsın.
Onun iddiasına görə, Azərbaycanda olandan bəri heç yerdə açıqlama verməyib. Yaxşı, bəs prioritet nədir onda? Əvvəlcə klubun media platforması, azərbaycanlı jurnalistlər, sonra ukraynalı jurnalistlər – yoxsa əksinə?
İkincisi, maraqlıdır, Ukrayna mediası hardan bilir ki, Vernidub “Neftçi” ilə müqaviləsinə sonradan özünün rəsmən açıqladığı “Komandamda rusiyalı yoxdur, ola da bilməz!” ritorikası üzrə bənd saldırıb? Axı, bu müqavilə məxfi sənəddir! Amma görünür, az qala baş məşqçinin maaşına qədər hər şey mediaya sızdırılır.
Ən maraqlısı elə bu ifadənin özüdür. "Rusiyalı yoxdur" demisən, hamımız başa düşdük. Rusiyaya qarşı döyüşmüsən, yazılanlara görə, yaralanmısan, bunu da başa düşdük.

Bəs "Rusiyalı ola da bilməz!" nə deməkdir? Bunu mediaya belə bir tərzdə açıqlamağın məqsədi nədir? Azərbaycan klubuna meydan oxumaq, ultimatum vermək?!
Sən bunu rəhbərliklə söhbətdə demisənsə, yəqin ki, anlayışla qarşılayıblar. Hətta sənə ukrayncadan azərbaycanca və əksinə çevirən tərcüməçi də tutublar. Amma mediaya belə bir sərt tonla açıqlama vermək artıq başqa mətləblərin xəbərçisidir.
Deyəsən, bu adam Emin Mahmudovun Rusiyada doğulduğunu və uzun müddət Rusiya vətəndaşlığı daşıdığını bilmir. Əks halda, həmyerlisi Roman Qriqorçuk kimi, Mahmudovu ən azı kapitanlıqdan məhrum edərdi. Bəlkə Qriqorçukun ötən mövsüm komandanın liderinə qarşı qərəzli münasibətinin səbəbi bu olub?
Azərbaycanda futbolu siyasətə qatmağa bu qədər lüzum varmı? Özü də kənardan gələn şəxsin.
Vernidub peşəkar mütəxəssisdir, amma təcrübə və istedad ona hər şeyi edib-keçmək hüququ vermir. Qayda, koordinasiya, mətbuatla razılaşma və komanda daxilində nizam-intizam hər bir məsul şəxsin prioriteti olmalıdır.
Cenk Sümer artıq bu məsələlərdə mövqeyini ortaya qoymalıdır – yoxsa “Neftçi”nin içindəki gərginliklər daha da dərinləşəcək.










































































