Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında qeyri-müəyyənliyə qeyri-adi formada son qoyulub.
Sportnet.az-ın məlumatına görə, AFFA rəhbərliyi U-19, U-18 və U-17 yığmalarının məşqçilər heyətinin 2025-ci ilin sonlarında başa çatan müqavilələrini daha 3 ay uzatmağı qərara alıb (futbolinfo.az).
Qərar var, strategiya yoxdur
AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarında yaranmış qeyri-müəyyənliyə tapılan “orijinal həll” bir daha göstərdi ki, federasiyada qərarlar sistemlə yox, improvizasiya ilə verilir. U-19, U-18 və U-17 yığmalarının məşqçilər heyətinin 2025-ci ilin sonunda bitən müqavilələrinin cəmi 3 ay müddətinə uzadılması bu improvizasiyanın növbəti nümunəsidir.
Klassik praktika? AFFA üçün aktual deyil
Normal praktikada baş məşqçilərlə bağlı qərarlar ilin sonunadək verilir. Xüsusən də mart ayında Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək komandalar üçün. AFFA isə bu dəfə məşqçilərə “tam müqavilə” yox, sınaq paketi təqdim edib. Futbol terminologiyasında bunun adı yoxdur, amma lotereya dilində hər şey aydındır.
Seçmə mərhələ, yoxsa tiraj günü?
U-17 Bolqarıstan, Litva və Malta ilə, U-19 isə Litva və Şimali İrlandiya ilə qarşılaşacaq. Bu oyunlar inkişaf üçün nəzərdə tutulmalı olduğu halda, AFFA üçün tiraj gününə çevrilib. Martın sonunda tabloda nə yazılacaqsa, ona uyğun da məşqçilərin taleyi müəyyənləşəcək. Top yuvarlanır, kupon doldurulur.
Üç məşqçi – bir paket
Elxan Abdullayev, Aqil Nəbiyev və İlham Yadullayev eyni “paket”ə salınıb. Fərqli yaş qrupları, fərqli şərtlər, fərqli iş həcmi – amma qiymətləndirmə mexanizmi eynidir. AFFA üçün fərdi yanaşmadan çox, kampaniya qaydaları işləyir.
Misli modeli AFFA-da
Bu yanaşma “Azərlotereya”nın Misli brendi ilə media müqavilələrində illərdir tətbiq olunan modeli xatırladır: ilin sonunda qərar verilmir, müqavilə martadək uzadılır, sonra isə baxılır görək davam var, yoxsa yox. AFFA-da da eyni ssenari işləyir – sadəcə meydan dəyişib.
“Cek-pot” artıq udulub
Bu prosesdə diqqət çəkən məqam odur ki, gərginlik yalnız məşqçilər üçündür. İdarəçilər üçün risk yoxdur. Onlar üçün cek-pot çoxdan udulub: postlar təmin edilib, strukturlar genişlənib, müavinlər və müşavirlər yerini alıb. Uduzmaq ehtimalı olan tərəf isə meydanda işləyənlərdir.
“Lotoreya” idarəçiliyinin futbola transferi
“Lotereya” sözünü “lotoreya” yazan qurumun idarəçilik reflekslərinin AFFA-ya daşınması artıq detallarda da hiss olunur. Futbol təsərrüfatı planlama tələb edir, amma burada daha çox tiraj təfəkkürü işləyir.
Gənclər Günü və 3 aylıq “mükafat”
2 fevral – Azərbaycan Gəncləri Günüdür. 3 fevral isə Cahangir Fərəcullayevin AFFA-da baş katib təyin olunmasının ildönümüdür. Bu iki tarix arasında gənclərdən ibarət milli komandaların məşqçilərinə təqdim olunan 3 aylıq müqavilə bayram hədiyyəsindən çox, xatirə bileti təsiri bağışlayır. Görünür, bu iki tarixin kəsişməsi 3 aylıq müqavilə şəklində “bayram sürprizi” ilə qeyd olunub.
Gənclər futbolu cek-pot deyil
Aşağı yaş qrupları üzrə milli komandalar ani uduş üçün yox, uzunmüddətli sərmayə üçündür. Burada cek-pot axtarılmaz, sistem qurular. AFFA isə hələ də bu sahəyə ya uduşla, ya da itki ilə ölçülən oyun kimi baxır.
Tiraj bitir, suallar qalır
Tiraj bitəndə udulan məbləğ elan olunur. Amma gənclər futbolunda nəticə illər sonra ortaya çıxır. AFFA-nın bu yanaşması davam edərsə, bir gün məlum olacaq ki, cek-pot çoxdan udulub, amma futbol hələ də oyundadır.











































































