“Sumqayıt”dan ayrıldıqdan sonra işsiz qalan Saşa İliçin karyerasını yenidən doğma klubu Serbiya “Partizan”ında davam etdirə bilər.
Sportnet.az "maxbetsport.rs" saytına istinadən xəbər verir ki, Belqrad təmsilçisində yeni idarəetmə strukturunun formalaşdırılmasından sonra klubun əfsanəvi kapitanının geri dönüşü müzakirə olunur.
Qarşıdakı transfer dönəmində böyük dəyişikliklərə hazırlaşan “Partizan”da həm baş məşqçi, həm də idman direktoru məsələsi aktuallığını qoruyur.
Klub rəhbərliyində təmsil olunan Danko Lazoviçlə yaxın münasibətləri olan İliç mümkün namizədlər arasında ön sıralarda yer alır. Hətta onun keçid dövründə həm komandanın baş məşqçisi, həm də idman siyasətinin formalaşdırılmasında əsas söz sahibi ola biləcəyi vurğulanır.
Hazırda “Partizan”ın baş məşqçisi Srcan Blagoyeviçdir. Lakin onun Rusiyadan təklif aldığı və yayda komandadan ayrıla biləcəyi iddia olunur. Bu halda İliçin yenidən “Partizan”ın sükanı arxasına keçməsi real variantlardan biri hesab edilir.
Qeyd edək ki, Saşa İliç futbolçu karyerasının böyük hissəsini - 2010 - 2019-cu illəri “Partizan”da keçirib və klub tarixinin ən simvolik fiqurlarından sayılır.

















































































