Azərbaycan Premyer Liqasında XIX turun "Sabah" - "Araz-Naxçıvan" matçında mübahisəli epizod baş verib.
Sportnet.az-ın məlumatına görə, 49-cu dəqiqədə meydan sahiblərinin futbolçusu İqor Noqeyranın müdaxiləsindən sonra qonaq komandanın oyunçusu Şarl Boli yerə yıxılıb.
Yeni FIFA referisi Tural Qurbanov əvvəlcə penalti təyin edib. Epizoda VAR hakimləri otağında baxıldıqdan sonra konkret qərar verilmədiyindən, baş hakimin özü VAR monitoruna yaxınlaşıb.
Bir müddətlik baxışdan sonra o, penalti qərarını və Noqeyraya göstərdiyi sarı vərəqəni ləğv edib. Bununla belə, Qurbanov Bolini simulyasiyaya görə cəzalandırmayıb.
Beləliklə, "Sabah" bu mövsüm qapısına penalti təyin olunmayan yeganə komanda olaraq qalıb.
Qeyd edək ki, görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Masazır komandasının ilk qolunu 9-cu dəqiqədə penaltidən Umarali Raxmonaliyev vurub.
















































































