"Maraqlı oyun oldu, gözəl qollar gördük. Amma nəticədə biz uduzduq".
Sportnet.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç evdə "Zirə"yə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra keçirilmiş mətbuat konfansında deyib.
Serbiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Eksperimental müdafiə xətti ilə oyuna çıxmışdınız. Bunun məğlubiyyətinizə təsiri nə dərəcədə oldu?
- Vüsal Paşayevi təbrik edirəm, qəşəng oynadı. Gələcəkdə klub üçün çox önəmli oyunçu ola biləcək. Hesab etmirəm ki, bu nəticə müdafiədəki dəyişikliklərlə bağlıdır. Rayan Senhacinin mövqeyini dəyişdik. Çünki standart vəziyyətlərdə bizə lazım gələn yerlərdə olması üçün edirdik. Müəyyən məqamlarda daha yorğun görünürdü, amma bu da normaldır. Deməzdim ki, müdafə xəttinə görə uduzduq. Buraxdığımız ilk qolu müdafiə xəttinin səhvi kimi saymırıq. İkinci qol isə möhtəşəm cərimə zərbəsi idi. Üçüncü qolda hardasa müdafiə xəttinin səhvi oldu. Amma bu futboldur da, ona görə tam məsuliyyəti müdafiə xəttinin üzərinə atmazdım.
- Kapitan Səbuhi Abdullazadənin son oyunlarda performansının aşağı olması nə ilə əlaqədardır?
- Səbuhi bizim üçün çox vacib oyunçudur. Bu gün özünü pis hiss edirdi, temperaturu var idi. Amma özü oynamaq istədi. Razıyam, öz gücünü tam göstərə bilmədi. İkinci qol onun səhvindən vuruldu. Amma Səbuhi Azərbaycan futbolu və milli komanda üçün vacib oyunçudur.
- Bəs Rüstəm Əhmədzadənin son vaxtlar ikinci hissədə meydançaya daxil olması nə ilə bağlıdır?
- O da komandamız üçün çox vacib oyunçudur. Rüstəmin zədəsi var idi, ona görə bir həftə məşq edə bilmədi. Formasını geri qaytarana qədər, meydançaya sonradan daxil ola bilir. Amma bu həftə məşqlərdə baxacağıq. Tam uyğun olsa, onu qarşıdakı həftədən əsas heyətdə meydanda görəcəyik.
- Ehtiyat oyunçular skamyanız kasad, qarşıdakı matçlar çoxdur. Bu məqam sizə nə dərəcədə problem yaradacaq?
- Əslində, 2 futbolçumuz da zədəlidir. Onlar da oyuna qoşulsalar, bir az rahat olar. Mövcud oyunçulardan maksimum istifadə etməliyik.
- Mövsümün ikinci hissəsində yeganə qələbəniz "Karvan-Yevlax"la görüşdə qeydə alınıb. Bundan əlavə, qış toplanışında da rəqiblərə uduzmusunuz. Düşünmürsünüz ki, qış toplanışı səmərəsiz keçib və komandanın performansında eniş müşahidə olunur?
- Toplanışda öz istəyim olub ki, bizdən daha güclü çempionatda oynayan komandalarla oynayaq. Özü də, hazırlıq zamanı oyunların nəticəsi mənim üçün vacib deyil. Hesab etmirəm ki, toplanışımız zəif keçib.












































































