Amerikanın maliyyə-iqtisadi jurnalı Forbes MLS klublarının yenilənmiş bazar dəyərini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, siyahıda Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin yeni klubu – "Kolambus Krü" də yer alıb.
Reytinqə əsasən, “Kolambus Krü” 805 milyon dollar bazar dəyəri ilə MLS-in ən bahalı klubları arasında 8-ci pillədə qərarlaşıb.
Bu isə o deməkdir ki, Axundzadənin çıxış edəcəyi klub həm idman, həm də kommersiya baxımından liqanın aparıcı layihələrindən sayılır.
Siyahıya 1,35 milyard dollar göstərici ilə "İnter Mayami" başçılıq edir. Florida təmsilçisinin dəyərinin sürətlə artmasına əsas səbəb komandanın heyətinə dünya ulduzu Lionel Messinin cəlb olunmasıdır. Argentinalı forvardın transferindən sonra klubun gəlirləri 56 milyon dollardan 200 milyon dollara yüksəlib. Komanda yaxın vaxtlarda 25 min tamaşaçı tutumuna malik yeni stadion – "Miami Freedom Park"a köçməyi planlaşdırır.
İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq 1,32 milyard dollarla "Los Anceles" və 1,08 milyard dollarla "Los Anceles Qelaksi" qərarlaşıb.
1. "İnter Mayami" — 1,35 milyard dollar
2. "Los Anceles" — 1,32 milyard dollar
3. "Los Anceles Qelaksi" — 1,08 milyard dollar
4. "Nyu York Siti" — 1,02 milyard dollar
5. "Atlanta Yunayted" — 1 milyard dollar
6. Siettl Saunderz" — 860 milyon dollar
7. "Ostin" — 855 milyon dollar
8. "Kolambus Kryu" — 805 milyon dollar
9. "Tsintsinnati" — 800 milyon dollar
10. "San Dieqo" — 795 milyon dollar















































































