UEFA İntizam Komitəsinin "Qarabağ"a bilet satışı qaydalarının pozulmasına görə rəsmi xəbərdarlıq etməsinin səbəbi müəyyənləşib.
Klubun mətbuat katibi Anar Hacıyevin Sportnet.az-a verdiyi məlumata görə, bu, UEFA Çempionlar Liqasının əsas mərhələsinin Almaniya "Ayntaxt"ı ilə VII tur matçını qonaq komanda azarkeşlərinin, qadağaya rəğmən, izləmələri ilə əlaqədardır.
"Ayntraxt"la matçda rəqib komanda azarkeşlərinin tribunası bağlı idi. Onlara UEFA tərəfindən oyunumuza gəlməyə icazə verilməmişdi. Lakin onlar biletləri kompakt şəkildə əldə etmişdilər və oyuna gələrək tribunada birlikdə oturmuşdular. UEFA İntizam Komitəsinin son qərarında qeyd olunanlar növbəti oyunlarda daha diqqətli olmağımıza dair xəbərdarlıqdır".
Bununla yanaşı, "Qarabağ" idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi, futbolun və xüsusilə UEFA-nın nüfuzuna xələl gətirilməsi səbəbindən 17 500 avro məbləğində cərimə olunub. Hacıyevin sözlərinə görə, cərimə məhz Azərbaycan komandasının azarkeşlərin səsləndirdikləri şüarlara görə verilib.
Həmin şüarların isveçrəli baş hakim Sandro Şörerin oyunun sonlarında oxşar epizodlarda "Qarabağ"ın lehinə penalti təyin etmədiyi halda, komanda əleyhinə belə bir qərar verməsi ilə əlaqədar dilə gətirildiyi güman edilir.
Xatırladaq ki, "Qarabağ" "Ayntraxt"la matçda əzmkar qələbə qazanıb - 3:2.












































































