"Karvan-Yevlax"ın futbolçusu Vadim Abdullayevin evdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra Sportnet.az-a müsahibəsi
– Oyun barədə nə deyə bilərsiniz?
– Görüş haqqında danışmaq çətindir. Uduzandan sonra nə danışasan? Matçın gedişatı göstərmirdi ki, biz uduza bilərik. Çünki ciddi hazırlaşmışdıq. Amma təəssüf ki, keyfiyyət əskikliyimiz hiss olunur. Bu gün həqiqətən də rəqiblərin keyfiyyəti bizdən üstündür, bizi üstələyirlər. Lazımi anda lazımi qərarların verilməməsi hesaba təsir edir. Ondan sonra isə oyuna qayıtmaq komandamız üçün çətin olur. Futbolda keyfiyyət çox şeyi həll edir. Bizim komandada isə keyfiyyət o səviyyədə deyil.
– Görüşdə ən yaxşı epizodlardan birini siz yaxalamışdınız. Ancaq istifadə edə bilmədiniz…
– Zərbədir də... Bəzən düz, bəzən əyri gedir. Oyun epizodudur, texniki səhv ola bilər. Yerinə yetirilməsi yaxşı deyildi. Vursaydım, daha yaxşı olardı. Təəssüf ki, vura bilmədim.
– Yəqin ki, bu oyunun sizin üçün prinsipiallığı var idi…
– Təbii ki, var idi. Amma deyiləsi əlavə söz yoxdur. Hər şey gördüyünüz kimidir. Məyus olduq.
– “Araz Naxçıvan”dan göndəriləndə baş məşqçi Elmar Baxşıyev idi. İndi o da komandadan ayrılıb. Bu, sizə necə təsir etdi?
– Elmar müəllimlə həmişə münasibətlərim yaxşı olub. O, yaxşı baş məşqçi və yaxşı insandır. Hətta onun gedişinə özüm üzülmüşdüm. Onunla problemim olmayıb. O klubdan məni Baxşıyev çıxarmayıb. Əksinə, komandanın kapitanı idim, məni çox istəyir, dəyər verirdi. Göndərilməyim başqa səbəblərlə əlaqədar idi. Artıq keçmişdə qaldı.
– “Araz Naxçıvan”dan ayrılanda rəhbərliklə halallaşmadınız?
– Təbii ki, xeyr. Onlar da düşünməli idilər ki, komandada ən çox oyun keçirən, ən çox əziyyəti olan futbolçu idim. Mən orada olanda indikilərin heç biri yox idi. Amma sonradan mənimlə elə davrandılar ki, sanki heç kiməm. Nə məni ofisə çağırdılar, nə də rəhbərlik səviyyəsində sağollaşdılar. Bəlkə də Azərbaycan futbolunda belə hallar normaldır. Bu, klubun və oradakı insanların keyfiyyətinə bağlıdır.
– Hazırda "Araz-Naxçıvan"ın rəhbərliyi də yaxşı günlər yaşamır. Demək olarmı ki, onları sizin ahınız tutub?
– İnanmıram ki, mənim ahım kimisə tutsun. Orada mənə yaxın insanlar çoxdur. Bütün işçilərlə, futbolçularla münasibətlərim çox yaxşıdır. Elə bu gün də danışırıq. Pis formada qırılsaq da, həyat davam edir. Bu gün kaş xal götürə biləydik. Mən də istəyirdim. Hətta qol vurmağı çox istəyirdim. Amma reallıq var ki, bu gün komanda olaraq, aşağı səviyyədəyik.
– "Karvan-Yevlax"da heyətin keyfiyyəti ilə bağlı tənqidlər səslənir, hətta komandada bir-iki keyfiyyətli legionerin olduğu bildirilir. Bu fikirlərlə razısınız?
– Futbolu hamı görür, izləyir. Kənardan hamısı daha yaxşı analiz edir. Nə varsa, camaat görür. İnsanların gözləri tərəzidir. Özümün komanda barədə danışmağım mənasızdır. Bu gün Azərbaycan futbolunda elə komanda yoxdur ki, oyunu legioner həll etməsin. Bunu millidə də görmüşəm. Azərbaycanın ən güclü futbolçuları millidə olub. Görmüşəm ki, bir-iki yerli futbolçunu çıxmaq şərti ilə heç biri üstünlük təşkil etmir. Nəticələri yalnız legionerlərin keyfiyyəti həll edir. "Araz-Naxçıvan"la görüşün taleyini də Felipe Santos həll etdi. Ötən mövsüm bürünc medal qazanmış komandanın kapitanı idim. Amma bu gün sonuncu pillədə gedən kollektivdəyəm. Ətrafın çox önəmlidir. Nəinki Azərbaycanda, dünyanın hər yerində legionerlər keyfiyyəti təmin edirlər. Bizdə neçə xarici futbolçu çətin anda komandanı xilas edə bilir? Sonuncu xal qazandığımız oyunda qolu mən vurmuşdum.
– Son oyunlarda komanda qol da vura bilmir…
– Bəli, elədir. Statistika göz qabağındadır. Son matçlarda 6-7 yerli futbolçu ilə mübarizə aparırdıq, indi 5 yerli ilə oynayırıq. Bunun özü bir göstəricidir. Həmin o 5-6 yerlinin çoxu əvvəlki klublarında bəlkə də heç oynamayıb. Ona görə də bu dəqiqə ürəyim doludur. Karyeramda belə şey yaşamışam, ilk dəfədir başıma gəlir. Qəbul etmək çətindir. Mənim xarakterimdə olan insanlar üçün çətindir. Amma yaşayırıq da, görək necə olar. Nə olacaqsa, xeyirlisi...
– Demək olarmı ki, “Karvan-Yevlax” Premyer Liqadan getməklə barışıb?
– Qarşıda 12 tur var. Hər oyundan əvvəl deyirik ki, hansısa dəyişiklik olsun. Amma dəyişiklik baş vermir. Bu da psixoloji təzyiqə gətirib çıxarır. Yenidən fikirlərə qərq oluruq. Həqiqətən də vəziyyət çox ağırdır. Amma sona qədər mübarizə aparacağıq. Məcburuq, bu işi sona çatdırmalıyıq.
Haşım MƏMMƏDOV









































































