Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi ABŞ-nin "Kolambus Kru" klubu baş məşqçi Henrik Ridström ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, Klub rəhbərliyi 49 yaşlı mütəxəssisin istefaya göndərildiyini açıqlayıb.
Komandanın yeni müvəqqəti baş məşqçisi vəzifəsinə isə köməkçi məşqçi Loran Kurtua təyin olunub.
Bununla yanaşı, məşqçilər korpusunda yer alan Teodor Olsson və analitik Mak Paxei ilə də əməkdaşlığa son verilib.
Ridström 2025-ci ilin dekabrında komandaya rəhbərlik etməyə başlamışdı. O, bundan əvvəl İsveçin "Malmö" komandasında ardıcıl iki mövsüm ölkə çempionu olub.
Lakin MLS-də “Kolambus Kru” onun rəhbərliyi altında mövsümə uğursuz start verib. Komanda 14 oyunda cəmi 3 qələbə qazanıb, 4 dəfə heç-heçə edib və 7 məğlubiyyət alıb.
Klubun baş meneceri İssa Tall qərarın səbəbini komanda daxilində yaranmış atmosfer və zəif nəticələrlə əlaqələndirib: “Məsələ yalnız nəticələr deyildi. Soyunub-geyinmə otağında yeni enerji və dəyişiklik lazım idi”.
Ridström isə son mətbuat konfranslarında heyətdə keyfiyyətli hücumçuların çatışmadığını bildirib. O, xüsusilə hücum xəttindəki zədələrin komandaya ciddi təsir etdiyini vurğulayıb.
Qeyd edək ki, “Kolambus Kru” əvvəlki baş məşqçi Vilfrid Nensi dönəmində 2023-cü ildə MLS Kubokunu, 2024-cü ildə isə Liqa Kubokunu qazanıb. Nensi daha sonra Şotlandiyanın "Seltik" klubuna keçib.






































































