Meksika millisinin qapıçısı Gilyermo Oçoa 2026-cı il dünya çempionatı üçün yığmanın heyətinə daxil edilib.
Sportnet.az xəbər verir ki, 40 yaşlı qolkiper üçün bu, futbolçu kimi altıncı dünya çempionatı olacaq.
Oçoa daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci il mundiallarının iştirakçısı olub. Təcrübəli qapıçı 2014, 2018 və 2022-ci illərdə meydançaya çıxıb, 2006 və 2010-cu illərdə isə sifariş ərizəsində yer alıb.
Bununla da Oçoa dünya çempionatları üçün milli komandanın heyətinə düşmə sayında Kriştianu Ronaldu və Lionel Messinin rekorduna şərik çıxıb. Hər üç futbolçu altı mundialın iştirak ərizəsində yer alıb.
Hazırda Kiprin AEL klubunda çıxış edən qapıçı Meksika millisinin heyətində 153 oyun keçirib.
ABŞ, Kanada və Meksikada keçiriləcək mundial 11 iyun - 19 iyul tarixlərini əhatə edəcək.

































































