AZAL yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununda
tələbələrdən ibarət Azərbaycan yığma komandasını darmadığın edib. Sportnet.az-ın
klubun saytına istinadən məlumatına görə, "təyyarəçilər”in 3:0 hesablı qələbəsi
ilə başa çatan görüşdən sonra baş məqşçi Tərlan Əhmədov matçla bağlı fikirlərini
bölüşüb.
43 yaşlı mütəxəssis bu cür oyunlara önəm vermədiyini söyləyib: "Rəqib
tələbələrdən ibarət yığma komanda olsa da, bu gün çox gözəl oyun nümayiş
etdirdilər. Sadəcə, komandanın fiziki
durumunun hansı vəziyyətdə olması məni maraqlandırırdı. Hər iki hissədə fərqli
heyəti meydana çıxardım. İxtiyarımda olan 24 futbolçunun hamısından yararlandım”.
Əhmədov geridə qalan həftə ərzindəki məşqlərdə komandanın fiziki
hazırlığına önəm verdiyini dilə gətirib: "Komandanın qələbə qazanıb-qazanmaması
elə də ciddi önəm daşımırdı. Ancaq hər
halda meydana qələbə üçün çıxırıq. Çünki indidən qələbənin təməli qoyulmalıdır.
Bu həftə sırf fiziki hazırlığa önəm vermişdim. Qələbə qazanmağımıza baxmayaraq,
hələ də çatışmazlıqlarımız var. Qalan vaxtda bunun üzərində çalışacağıq. Qarşıda hələ görüləsi işimiz çoxdur”.
Qeyd edək ki, qolların hamısı fasilədən sonra vurulub. Görüşün 50-ci dəqiqəsində Con Oluremi Viktor İqbekoiyə qarşı kobudluğa görə təyin olunan penaltini boşa verib. Amma sonrakı 5 dəqiqə ərzində "təyyarəçilər” 2 dəfə fərqləniblər. Hesabı baxışda olan Emin Mustafayev açıb. Növbəti 2 qol isə İqbekoidən gəlib.