1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Məgər Lənkəran başqa ölkədir?" - MÜSAHİBƏ
Orxan Sadıqlı: "Erməni, rus deyiləm ki, söyüləm"
"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı "Neftçi"yə 0:2 hesabı ilə uduzaraq, Azərbaycan Kubokunda mübarizəni dayandırdıqları 1/4 final mərhələsinin cavab görüşündən sonra brifinq keçirib. 23 yaşlı oyunçu Sportnet.az-ın da suallarını cavablandırıb...
- Sanki motivasiya fərqli idi: Lənkəranda başqa motivasiya var idi, burda başqa...
- Bizim komandamız budur. Əsas heyətdə 16 nəfərdir, 2-si isə əvəzedici heyətdən gəlib. 11-lik və 3 əvəzetmə ilə oynayırıq. Gücümüz budur. Gücümüz çatdığı qədər də oynayırıq. Amma ədalətli hakimlik olsa, öz əziyyətimizlə nəsə qazanacağıq. Belə olacaqsa, yaxşısı budur meydana çıxmayaq. "Xəzər Lənkəran"ı güclü vaxtlarında hamı sıxırdı. İndi zəif vaxtlarıdır, yenə sıxırlar.
- Sizcə, hakim "Neftçi"yə kömək etdi?
- 100 faiz kömək etdi. Düzdür, penalti var idi. Amma həmin epizoddan əvvəl İbrahim Qədirzadəyə qarşı edilən qayda pozuntusuna baxsınlar, görsünlər nə var, nə yox. 100 faizlik qayda pozuntusudur. Orda oyunu saxlamayan hakimi niyə saxlayırlar? Fəhmin Muradbəyli Vaquf Güləliyevin ayağına vurur, referi bizim tərəfə cərimə zərbəsi təyin edir. Nə vaxta qədər belə olar? 23 yaşım var. Adam istəyir ki, 300-500 manat arası maaş verilən yer varsa, gedib pul qazansın. Adam belə şeylərdən bezir.
- Bugünkü oyunu hakim həll etdi?
- Bəli. "Neftçi" 45 dəqiqə oynadı, biz də oynadıq. İlk yarı qolsuz tamamlandı. İkinci hissə başlayandan sonra 15 dəqiqə keçməmiş qapımıza penalti təyin olundu. Düzdür, penalti var idi. Amma penaltiyədək olan epizoda da baxsınlar.
- Amma "Neftçi" də etiraz edir ki, birinci hissədə topun Nodar Məmmədovun əlinə dəydiyi epizodda penalti verilmədi...
- Razıyam, penalti var idi. Ötürmə verəndə Nodarın əlinə dəymişdi. Amma oyunun ümumi məcrasına baxsınlar. Birinci hissədə Vüqar Bəybalayev topa oynayır, baş hakim isə ona sarı vərəqə, cərimə zərbəsi verir. Oyunun videoyazısı var, qoy, hamısı baxsın.
- Səncə, bütün bunlar qərəz, yoxsa səhvdir?
- İstəməzdim ki, qərəz olsun. Qərəzdirsə, bu, düzgün deyil. Hər kəsəni öz vicdanına buraxıram. Sadəcə, biz əziyyət çəkirik. Haqqımız yerdə qalır, niyə tapdalasınlar? Buraxsınlar, biz də oynayaq, onlar da. Ədalətli oyun olsa, onlar bizi uda bilməzlər.
- Komandanın iddialı vaxtlarında da oynamısan. O dövrlə ağır durumda olduğunuz indiki vaxt arasında dəyişiklik hiss edirsən?
- Elə hakimlər var ki, daxili və beynəlxalq miqyasda ədalətli oyun aparırlar. Birini pis, digərini yaxşı idarə etmirlər. Hamısı eyni qaydada idarəçilik olur. Amma bugünkü oyunda baxırıq, penaltidən qabaq lehimizə cərimə zərbəsi təyin etmir. Niyə vermirsən? Nə qəsd-qərəzin var? O vaxtlar ardıcıl 3 il çempion olanda da "Neftçi"yə köməklik var idi. O vaxt da bizi sıxırdılar, yənə də sıxırlar. Bilmirəm "Xəzər Lənkəran" futbolu kimin üçün oynayır? Məgər Lənkəran başqa ölkədir, nədir? Azərbaycan futbolu naminə, Azərbaycan üçün oynayırıq da... Biz əlimizdən gələni edirik ki, komanda adına uyğun oynasın. İndi bütün komandalarda çətinlik var. Hər yerdə olduğu kimi, "Xəzər Lənkəran"da da maddi problemlər mövcuddur. Amma inşallah, düzələcək.
- Sizcə, "Xəzər Lənkəran" yarımfinala layiq idi?
- Əlbəttə! Ədalətli oyun olsaydı, gedə biləcəyimiz yerə qədər gedəcəkdik. Düzdür, rəqib bizdən güclü ola bilər. "Neftçi"nin futbolçuları fərdi baxımdan "Xəzər Lənkəran"ın oyunçularından güclüdürlər. Onların 25, bizim 16 futbolçumuz var. Yəni, əlimizdə olan budur. Bu gücümüzlə də davam edirik. Artıq "Neftçi"yə məğlubiyyəti yaddan çıxarmaq lazımdır. Növbəti oyunumuz Gəncədə "Kəpəz"ə qarşıdır. Növbəti səfər oyununa hazırlaşacağıq.
- "Xəzər Lənkəran" Avropa Liqasına vəsiqə verən ölkə kubokundan da əlini üzdü. Çempionatda isə sonuncu pillələrdəsiniz. Qarşıdakı oyunlarda komandanızın stimulu nə olacaq?
- Komandanı motivasiya etmək çətin olacaq. İstəyirdik ki, stimul qalsın. Düzdür, real yanaşdıqda, heç kim "Xəzər Lənkəran"ın kuboku qazanacağını düşünmürdü. Amma əziyyətimiz də yerdə qalmamalı idi. Niyə də yerdə qalsın? Gedə bildiyimiz yerə qədər gedəcəkdik. Burda dayandıq. Qarşıdakı oyunlara motivasiya olunmaq çətin olacaq. Çünki rəqiblər güclü olacaq. Uşaqları bir yerə yığmaq və komanda şəklində hazırlaşmaq, qələbələr qazanmaq lazımdır. Burada danışmaqla düzəlməyəcək. Bircə dənə ədalətli idarəçilik olsun. Öz oyunumuzu sərgiləyib qələbə də qazanacağıq, xallar da yığacağıq.
- "Neftçi" azarkeşlərinin münasibəti necə idi: "Xəzər Lənkəran"ın ünvanına təhqir olmadı?
- Xeyr. Azarkeşlər sağ olsunlar. Bu gün şəxsən mənə qarşı nə söyüş oldu, nə də hər hansı xoşagəlməz ifadələr işləndi. Onlara da "çox sağ olun" deyirəm. Başa düşdülər. Bir-ikisi ilə söhbət etmişəm. Mən də azərbaycanlıyam. Erməni, rus deyiləm ki, söyüləm. Bu gün xoşagəlməz hal görmədim. Amma əvvəllər söyürdülər. Kimsə bizim üzümüzə söyə bilməz, arxamızca söyərlər. Amma bu gün "Neftçi" azarkeşləri belə şeydən uzaq idilər.
- Maaşların ödənilməsində problemlər qalır?
- Keçmiş maaşlardan qalıb. Yanvardan sonra iki ayın maaşını almışıq. İnşallah, hər şey qaydasında olacaq. Komandadan ən son gedənlər biz olacağıq. Bundan sonra Əl-ələ verib "Xəzər Lənkəran"ı qaldırmaq lazımdır.