Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, yarımfinalçıları müəyyənləşdirən cavab matçlarda gözlənilməz nəticələr qeydə alınmayıb.
Nəticədə ötənilki yarımfinalçılardan "İnter", "Qarabağ" və "Neftçi" yenə mübarizəni davam etdirir. Bu dəfə əsas favoritlər sayılan "Qarabağ” ilə "Qəbələ” ikinci oyunlarda da inamlı qələbələr qazanıblar. Özü də bu dəfə qalibiyyətlər darmadağınla olub.
"İnter” ilə "Neftçi” autsayderlərə səfər məğlubiyyətlərinin əvəzini evdə çıxmaqla sensasiyaya imkan verməyiblər. "Bankirlər” də qələbəni böyük hesabla əldə ediblər. Ümumiyyətlə, cavab oyunları bol qollu alınıb. Təsadüfi deyil ki, 4 oyuna 16 qol vurulub və nəticədə orta məhsuldarlıq 2 qoldan artıq olub.
Cavab oyunlarında bir sıra məqamlar yaddaqalan olub. Əvvəla, "Neftçi” Vəli Qasımovun rəhbərliyi altında debütünü prinsipial rəqibi üzərində qələbə ilə qeyd edib. Maraqlıdır ki, bu mütəxəssis də əvəzlədiyi Əsgər Abdullayev kimi "Neftçi”də baş məşqçi postunda ilk oyunda "Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edib. Komandanın çilili hücumçusu Nikolas Kanales 3-cü qayıdışında "ağ-qara” formada "siftə” edib. "İnter”in qış transferi olan Vüqar Nadirov isə yeni klubunda qol hesabını açıb.
1/4 final iştirakçılarından bu mərhələyə ən çox çıxan "Neftçi”dir. Belə ki, bu komanda 24-cü ildir keçirilən Azərbaycan Kubokunda yalnız 1 dəfə - 2004/05 mösümündə 1/8 finalda "İnter”ə oyunsonrası penaltirlərlə uduzaraq hazırkı mərhələdən kənarda qalıb.
Ötən mövsümkü finalın - "Qarabağ" - "Neftçi" duelinin yenidən olması mümkün görünür. Bunun üçün Ağdam təmsilçisi "İnter"i, "ağ-qaralar" isə "Qəbələ"ni yarımfinalda üstələməlidir. "Neftçi” ilə Qəbələ” ilə indiyədək kubokda 1 dəfə görüşüb. 2013/14 mövsümünün finalında keçirilən həmin matç "ağ-qaralar”ın oyunsonrası penaltilərdə qələbəsi ilə nəticələnib. "İnter” ilə "Qarabağ” da Respublika stadionunda finalın iştirakçıları olub. 2009-cu ildə baş tutan həmin oyun "Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Ancaq bu komandalar 1/4 finalda da rəqiblər olublar və "İnter” 2 oyunun nəticəsinə (2:2 və 1:0) görə cütün qalib olub.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları aprelıin 27-si və mayın 4-də keçiriləcək. "İnter” ilə "Neftçi” ilk matçlarda meydan sahibi olacaqlar.