"Xəzər Lənkəran" klubu "Neftçi" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşünün AFFA nümayəndəsi Ramiz Mustafayevdən də narazı qalıb. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu Sportnet.az-a açıqlamasında Mustafayevi yerli azarkeşin təhrikedici hərəkətinə göz yummaqda ittiham edib.
Klub rəsmisi bildirib ki, oyundan sonra meydana girən "Neftçi" fanatı "Xəzər Lənkəran"ın zədəli futbolçusu Asif Mirilinin üzərinə gedib. Həmin azarkeşin Miriliyə qarşı iğtişaşa meylli davranış sərgilədiyi CBC Sport-un yayımında da əksini tapıb. Lakin AFFA nümayəndəsi bunu protokola qeyd etməyib. Təhlükəsizliyi meydan sahibləri qorumalı olduğu halda, AFFA İntizam Komitəsi "Neftçi"yə heç bir cəza tətbiq etməyib.
Bununla da, Cəbrayıloğlunun fikrincə, ikili standartlara yol verilib: "2013-2014 mövsümündə "Bakı" ilə yarımfinal mərhələsinin cavab görüşündə bizim azarkeş meydana girərək sevindiyi üçün İntizam Komitəsi "Xəzər Lənkəran"ı cəzalandırmışdı. Bəs indi Ramiz Mustafayev və komitə hara baxırdı? Yenə də ikili standart. AFFA nümayəndələri Lənkəranda matçı 6 gözlə seyr edirlər, bizim hüququmuz pozulanda isə 2 gözdən biri də yumulur".
Qeyd edək ki, daha öncə "Xəzər Lənkəran" "Neftçi" ilə qarşılaşmada hər iki qol epizodunda qaydaların pozulduğunu iddia edərək, baş hakim Rəhim Həsənovu və AFFA Hakimlər Komitəsini sərt tənqid edib.