1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Əmircanov: "Onlar olmasa, biz heç kimik" - MÜSAHİBƏ
"İnter”in müdafiəçisi Ruslan Əmircanovun AZAL üzərində 1:0 hesablı qələbə qazandıqları Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Topaz Premyer Liqasının XXIX turunda AZAL üzərində (1:0) qələbə qazandınız. Ardıcıl iki uğursuz nəticədən sonra 3 xal qazandınız. Oyunu bu qədər çətinləşdirən nə oldu?
- Güclü komandaya qarşı oynadığımızı bilirdik. Görürdük ki, AZAL evdə bütün güclü komandalara qalib gəlib. statistikaya nəzər saldıqda bu komandanın gücü göz qabağında idi. Ona görə də çox ciddi hazırlaşmışdıq. Baş məşqçimiz də oyundan əvvəl demişdi ki, bizi çox çətin oyun gözləyir. Rəqibin zəif tərəfini analiz etmişdik. Amma rəqibin də bizi çox yaxşı analiz etdiyi görünürdü. Həmişəki taktikamızla oynamağa imkan vermir, boşluqlar yaratmırdılar. Sona qədər Zaur Svanadzenin tapşırığını yerinə yetirdik və rəqibin müdafiə xəttindəki bir kiçik səhv qol vurmağımızla nəticələndi.
- Fasilədə nəyi dəyişdiniz ki, ikinci hissədə həmin xırda səhvin baş verməsinə nail oldunuz?
- Baş məşqçi dedi ki, bir az artırmaq lazımdır. Birinci hissədə topa nəzarət etsək də, hücumlarda dişimizi göstərə bilmirdik. Svanadze də fasilədən sonra dedi ki, sakit öz oyununuzu sərgiləyin, tələsmək lazım deyil, qol şansı yarananda bundan istifadə edin. İkinci hissənin ortalarında belə bir şans yetişdi və Vüqar Nadirov qolunu vurdu.
- Son iki görüşdə cəmi 1 xal qazanmışdınız. Bu cür qeyri-sabitlik nə ilə əlaqədardır?
- Futbolda hər şey olur. Heç bir komanda sonadək sabit çıxış etmir. Bizdə sabit nəticə əldə edən yalnız "Qarabağ”dır. Digər komandalar da sabit oyun sərgiləmir. Biz də bir oyun udub digərini uduzmaq istəmirik. Məqsədimiz avrokuboklara getmək üçün yerimizi möhkəmlətməkdir. Əslində qitəmiqyaslı yarışlara qatılacağımız da bilinmir.
- UEFA-nın məlum qərarı oyununuza necə təsir göstərib?
- "İnter” həmişə yuxarı pillələr üçün oynayıb. Avrokuboklara getməsək, rəhbərliyin də qarşımıza qoyduğu tapşırığa əsasən, mövsümü vəsiqə verən yerlərdən birində başa vurmaq istəyirik. Cəza qüvvədə qalsa belə, bu il onu aradan qaldırmaq, əziyyətimizin hədər getməməsini istəyirik. Yəni, çıxış edib-etməməyimizdən asılı olmayaraq, məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.
- Komandada itkilər çoxdur. Onların yoxluğu oyununuza necə təsir göstərir?
- Nizami Hacıyev komandanın kapitanıdır. Göstərdiyi oyunla milli komandaya namizədlərdən sayılırdı. Təəssüf ki, hazırda zədəlidir. Kamran Ağayev isə millinin qapıçısıdır. Hər ikisi "İnter"in aparıcı oyunçularıdır. Onları olmamaları komandamıza bir az təsir göstərə bilər. Amma hazırkı futbolçular da oynayırlar və çalışırlar ki, onların yoxluğunu büruzə verməsinlər. Məşqçilər heyəti və rəhbərliklə birgə biz də istəyirik ki, zədəli oyunçularımız tezliklə sıraya dönsünlər.
- Uzun müddətdir ki, millidən kənardasınız. Mayın sonlarında təşkil olunacaq Avstriya toplanışına dəvət gözləyirsən?
- Əsas heyətdə iki oyunla fikir yürütmək olmaz. Düzdür, neçə vaxtdır çıxış etmirdim. Artıq baş məşqçi mənə də şans verir. Çalışıram ki, bu şansdan yararlanım və daim əsas heyətdə oynayım. Oynadıqca həm praktikanı artırır, həm də formaya düşürəm. Millinin məşqçiləri də oyunları daim izləyirlər. Yəqin ki, baş məşqçiyə də yavaş-yavaş formaya düşdüyüm barədə məlumat verirlər. Milliyə getmək özümdən asılıdır. Yaxşı formada olsam, niyə də dəvət olunmayım? Dəvət ala bilərəm.
- Azarkeşlər şəkliniz olan pankart açmışdılar. Bu, nə ilə bağlıdır?
- Oynadığım bütün komandalarda fanatlarla hər zaman yaxşı münasibətdə olmuşam. Azarkeşlər udsaq da, uduzsaq da, bizim arxa-dayağımızdır. Görünür, xətrimi çox istədiklərindən, elə pankart qaldırıblar. Pankartdan xəbərim yox idi. Görəndə sevindim. Onlara təşəkkür edirəm. Düşünürəm ki, onlar olmasa, heç kimik. Biz onlara borcluyuq. Çox sağ olsunlar ki, komandamızı dəstəklədilər.