AFFA Klublar Komitəsi (KK) İcraiyyə Komitəsinin iclasında qəbul olunmayan təkliflərini bugünkü iclasda müzakirə edib. Bu barədə Sportnet.az-a KK sədri Fikrət Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hazırda legioner rüsumunun azaldılmasına ciddi ehtiyac var: "Biz Klublar Komitəsi olaraq, 5-6 aydır bu məsələni müzakirə edirik. İcraiyyə Komitəsinin iclasından əvvəl düşünürdük ki, təklifimiz qəbul olunacaq. Amma təəəssf ki, qəbul olunmadı. Bugünkü iclasda AFFA-nın baş katibi Elxan Məmmədov bununla bağlı İşçi Qrupun yaradılmasını təklif etdi. Biz də - mən Elnur Məmmədov, Fariz Nəcəfovdan ibarət İşçi Qrup yaratdıq. Hamımız birgə bir həftə - on gün ərzində Məmmədovla görüşəcək və kompromis mexanizmlərimizi ona təqdim edəcəyik. Bundan sonra İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov, İsgəndər Cavadov və ola bilsin, Qurban Qurbanovla da görüşəcəyik. Eyni zamanda İcraiyyə Komitəsi yenidən yığışanda fikirlərimizi bildirəcəyik".
Azərbaycan Super Kuboku uğrunda oyunun keçirilməsi barədə məsələ isə müzakirə olunmayıb. F.Hüseynov bildirib ki, bununla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşəcəklər.