"Ardıcıl 3-cü mövsüm çempion olduq. Bu, komandamız üçün böyük uğurdur. Sevinirəm ki, bunların hər üçündə iştirak etmişəm. Hər birimiz evimizdə asacağımız bir medalı qazandıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev "Zirə" ilə çempion olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Onun fikrincə, bütün "Qarabağ" ailəsi, bütün "Qarabağ"sevərlər bu çempionluğa layiq idi: "Hər kəsi təbrik edirəm. Çalışacağıq ki, bu oyunu, bu stabilliyi qoruyub saxlayaq. Ardıcıl ikinci mövsüm çempionluğu səfərdə rəsmiləşdirsək də, Çempionluq Kubokunu evdə qaldıracağıq. Çünki sonuncu matçımız evdədir. Öz stadionumuzda kuboku başımızın üzərində qaldırmaq bizim üçün önəmli olacaq".
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov çempionluğu qeyd etməklə bağlı heç bir tədbirin keçirilməyəcəyini açıqlayıb. Qarayev komanda yoldaşının fikri ilə razıdır: "Yəqin ki, Rəşad nəsə bilib deyir. Rəhbərliyimiz nə qərar versə, biz də razılaşacağıq. Mən də çempionluğu xüsusi qeyd etməməyin gərəkliyi ilə razıyam. Çünki hər gün bir şəhid veririk. Qələbəni cəbhədə olan əsgərlərimizə ərməğan edirik. Kubokun Quzanlıya aparılıb-aparılmayacağını bilmirəm. Bunu rəhbərlikdən soruşsanız, daha yaxşı olar. Lazım olsa, Quzanlıya da, hətta cəbhə bölgəsinə də getməyə hazırıq. İnşallah, məqsədimiz "qızıl dubl"dur. Hər kəs uğur qazanmaq istəyir. Biz də kubokda maksimum gücümüzlə oynayacağıq. "Qızıl dubl" edə bilsək, həm "Qarabağ", həm də öz adımıza çox sevinərik".
Futbolçunun sözlərinə görə, son 4 turda oynamaq cansıxıcı olmayacaq: "Belə deyərdim ki, son 4 oyun bizim üçün çox vacibdir. Milli komandanın, avrokuboklar oyunları öncəsi bu stabilliyi qorumaq baxımından ən çətin mərhələyə daxil olduq. Rahatlaşmaq bizi bəzi zədələrə, bəzi problemlərə gətirib çıxara bilər. Buna görə baş məşqçimzi Qurban Qurbanov da son oyunadək tam ciddiyyatı qorumağı tapşırıb".