"Çempion olsaq belə, çətin matç oldu. Çünki güclü rəqiblə, ikinci pillədə gedən komanda ilə üz-üzə gəlirdik. Üstəlik, Premyer Liqanın bombardirinə qarşı oynayırdıq. Nelson Bonilyanı zərərsizləşdirə bildik və bu da qələbəmizdə az rol oynamadı". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov bildirib. Azərbaycan milli komandasının da üzvü olan müdafiəçi "Zirə" ilə oyunda qələbənin onlar üçün önəmli olduğunu bildirib: "İstədiyimiz nəticə qazanmağı çox arzulayırdıq. Buna görə çox konsentrasiyalı oynayırdıq. Bilirdik ki, "Zirə"nin yaxşı hücum xətti var. Fikrimcə, bundan sonra rahatlaşmaq olmaz. Hələ qarşıda kubokda da mübarizəmiz var. Ötənilki "qızıl dubl" uğurunu təkrarlamaq istəyirik. Yəqin ki, mövsümün qalan hissəsində qarışıq heyətlə oynayarıq. Az oynayanlar da meydana çıxar və kubokun finalına daha yaxşı formada olarıq. Buna qədərsə "İnter"lə yarımfinal mərhələsinin cavab matçına hazırlaşacağıq".
Hüseynov "Qarabağ"ın heyətindəki 3 çempionluğu heç birini xüsusi fərqləndirməyib: "Hər mövsüm çempion olmaq daha da çətinləşir. Hər mövsümün çempionu olmaq məsuliyyətimizi artırır. Ona görə də çempionluğu qorumaq çətin olur. Hər mövsümdə rəqiblər bizə xüsusi, ikiqat motivasiya ilə hazırlaşırlar. Amma o fikirlə razıyam ki, bu dəfəki çempionluğumuz əvvəlkilərdən bir qədər asan oldu. Bunda da maddi böhranın rolu oldu. Bunun nəticəsində həm çempionat, həm də digər komandalar elə də güclü olmadı".
Müdafiəçinin fikrincə, "Qarabağ" hamıdan güclüdürsə, bunda komandamızdan çox baş məşqçi Qurban Qurbanovun rolu böyükdür: "Nəticədə biz yaxşı iş gördük. Klub rəhbərliyi də bizə arxadır. Həmişə nə lazımdırsa, edirlər. Bizə də hər şeyin sabit olmağında onların xidməti böyükdür. Bilirik ki, hamı bizdən Çempionlar Liqasının qrup mərhələsini gözləyir. Bunu yaxşı başa düşürük və məqsədimizə nail olmaq istəyirik. Amma nəzərə almalıyıq ki, bu turnirdə çıxış edən komandalar çox güclüdürlər. Çempionatda olduğu kimi sıradan rəqiblər olmayacaq. Buna görə də çox ciddi hazırlaşmalıyıq. Çempionlar Liqasının qrupuna düşmək üçün bizdən asılı olan hər şeyi etməyə çalışacağıq. Çempionluğa o dərəcədə sevinmədik. Çünki qarşıda ölkə kuboku da var. Sevincimizi o vaxta saxlamışıq. İndi daha çox "qızıl dubl" etmək haqda düşünürük".