
"Əlincə”nin 16 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatının gümüş medallarını qazanıb. Sportnet.az-ın məlumatına görə, Vasif Haqveriyevin baş məşqçi olduğu komanda medallara son turda səfərdə "Sumqayıt"la keçirdiyi oyunda sahib çıxıb.
0:0 hesabı ilə bərabərə qalan komandamız 28 oyundan sonra xal hesabını 65-ə çatdırıb. Bununla da "Əlincə” çempionatı ən yaxın izləyicisi "Neftçi”dən 1 xal öndə bitirib və U-16 Liqasında II yeri tutub.
Çempionatda keçirdiyi 28 görüşün 20-də qələbə qazanan U-16 komandamız 5 oyunda heç-heçə oynayıb, 3-də isə məğlub olub. Rəqib qapılarına 80 dəfə yol tapan futbolçularımız öz qapılarından cəmi 12 top buraxıb və çempionatın ən az top buraxan 2 komandasından biri olub.
Qeyd edək ki, "Əlincə” 2012/2013 mövsümündə keçirilən U-15 Liqasında da gümüş medallara sahib çıxıb.