Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Kəpəz” bu gün ikinci yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, "sarı-göylər” Türkiyə Futbol Federasiyası Bölgə Karmalar yığması ilə qarşılaşıb.
Rəqibin heyətində PTT 1-ci Liqa və Spor Toto 2-ci Liqa komandalarında çıxış edən futbolçular yer alıb. Gəncə klubu oyuna bu heyətlə çıxıb: Tadas Simaitis, Şəhriyar Əliyev, Renan da Silva, Tural Axundov, Şəhriyar Rəhimov, Vüqar Bəybalayev, Kərim Diniyev, Serjinyo, Nicat Qurbanov, Dario Frederiko, Julien Ebah.
İkinci hissədə məşqçilər korpusu heyəti dəyişib. Belə ki, fasilədən sonra meydanda Eyyub Əliyev (Davud Kərimi), Tural Nərimanov, Azad Kərimov, Novruz Məmmədov, Elcan Rəhimov, Ceyhun Cavadov, Əli Səmədov, Fərid Məmmədov, Orxan Əliyev, Tural Rzayev və Tural Qürbətov mübarizə aparıb.
Nəticəyə gəlincə, "Kəpəz” bu dəfə rəqibini 5:0 hesabı ilə məğlub edib. Ebahın het-trik etdiyi (26, 29, 38 dəq.) matçda Kərim (20 dəq.) ilə Orxan (72 dəq.) hərəyə bir dəfə fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə hesab açılmayıb - 0:0.