2026-cı il dünya çempionatına hazırlaşan Fransa millisi Nant şəhərində keçirilən yoldaşlıq görüşündə Kot-d'İvuara 1:2 hesabı ilə uduzub.
Sportnet.az xəbər verir ki, baş məşqçi Didye Deşamın komandası hesabı ilk hissənin sonlarında açsa da, üstünlüyünü qoruya bilməyib.
Görüşün 45-ci dəqiqəsində Rayan Şerki fərqlənərək "xoruzlar"ı önə çıxarıb. Lakin fasilədən sonra oyunun axarı dəyişib. Deşamın çoxsaylı əvəzləmələrindən yararlanan qonaqlar 53-cü dəqiqədə Fransa millisinin futbolçusu Dezire Duenin qardaşı Gela Due ilə hesabı bərabərləşdiriblər.
77-ci dəqiqədə Jan-Filipp Matetanın vurduğu qol ofsayd səbəbindən qeydə alınmayıb. Kot-d'İvuar isə son sözü 84-cü dəqiqədə deyib. Gela Duenin ötürməsindən sonra Amad Diallo Traore cərimə meydançasının kənarından dəqiq zərbə ilə komandasına qələbə qazandırıb.
Beləliklə, Fransa yığmasının 9 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Komanda bu müddətdə 8 qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Fransa millisi sonuncu dəfə ötən il iyunun 5-də UEFA Millətlər Liqasının yarımfinalında İspaniyaya 4:5 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, Fransa yığması növbəti və son yoxlama oyununu Şimali İrlandiyaya qarşı keçirəcək. Qarşılaşma iyunun 8-də Lill şəhərində baş tutacaq.
















































































